Zakir Əhmədov: “Reallıq onu göstərir ki, Azərbaycanda sahibkarlıq mədəniyyəti daha da inkişaf edir”
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması böyük marağa səbəb olub. Dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq, MDB-də liderliyini qoruyub.
Hətta G-20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.
"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycanda ən ciddi irəliləyiş "Biznesin mürəkkəbliyi" indikatoru üzrə baş verib. Belə ki, Azərbaycan 60-cı yerdən 40-cı yerədək irəliləyib. Görünən odur ki, daha çox irəliləyiş əldə edilib.Yəni sahibkarlıq mədəniyyətində 20 pillə irəliləməklə ən yüksək göstəriciyə nail olundu. Ümumən ekspertlər bunu necə dəyərləndirir? Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun fikrincə, sahibkarlığın inkişaf etməsində tələb olunan faktorlardan biri də məhz bu amildir: “Bütün sahələrdə olduğu kimi, bu sahədə də irəliləyiş var. Burada elə bir göstəricilər var ki, Azərbaycan daha çox irəliləyib. Məsələn, ölkəmiz biznesin mürəkkəbliyi üzrə indikatorda 20 pillə irəliləyərək 40-cı yerdə qərarlaşıb. Bu da ona əsaslanır ki, keçən il dövlət başçısı tərəfindən Azərbaycanda biznesin inkişafı, onun həll istiqamətləri ilə bağlı çox böyük tədbirlər planı tərtib olundu və həyata keçirildi. Bunların nəticəsi olaraq, məhz bu indikatorlar üzrə Azərbaycanda böyük irəliləyiş əldə olunub. Eləcə də Azərbaycan əmtəə bazarı üzrə səmərəlilik indikatorunda 31-ci yerə yüksəlib. İnstitutlar üzrə indikator əsasən struktur dəyişiklikləri ilə bağlıdır ki, burada Azərbaycan 15 pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan cəlbedici ölkədir, iqtisadi islahatlar çox uğurla həyata keçirilir. Reallıq onu göstərir ki, Azərbaycanda sahibkarlıq mədəniyyəti daha da inkişaf edir”.
Vidadi ORDAHALLI