Rəsul Cahangirli: “Bütün bunlar Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərir”
Xəbər verildiyi kimi, Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR istiqrazlarının sahiblərinin qazancı yaxın günlərdə 5 milyon dollara çatacaq. Növbəti faizlər oktyabrın 17-də ödəniləcək. Həmin gün istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,25 milyon dollar gəlir əldə edəcək. Bu, SOCAR istiqrazları üzrə sayca 4-cü faiz ödənişi olacaq.
Əvvəlki faiz ödənişləri yanvar, aprel və iyul aylarının 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 3,75 milyon dollar qazanıb. Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişindən sonra isə istiqraz sahiblərinin illik gəliri 5 milyon dollara çatacaq.
Məlumat üçün qeyd edək ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollardır. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar dollarla buraxıldığına görə onlar üzrə faiz ödənişləri də dollarla həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürülür. Onlar bu pulları istədikləri kimi istifadə edə bilirlər.
Görünən odur ki, SOCAR istiqrazlarına maraq böyük olduğu üçün, həmin qiymətli kağızların qiyməti artır. Çünki sözügedən istiqrazlar Azərbaycanın qiymətli kağızlar bazarında fiziki və hüquqi şəxslər tərəfindən ən çox alınan qiymətli kağızlardır. İstiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, SOCAR istiqrazının şərtləri bazarda investorlar üçün mövcud olan ən cəlbedici təklifdir: “O üzdən, həmin istiqrazlara maraq böyükdür. Çünki istiqraz üzrə faiz bankların faizləri ilə müqayisədə yüksəkdir, likviddir. Digər tərəfdən, bu istiqrazlara inam və etibar böyükdür. Ona görə də SOCAR istiqrazlarına artan tələb qiymətlərin yüksəlməsilə nəticələnir. SOCAR istiqrazlarının ilkin yerləşdirilməsi zamanı tələbin təklifi 2 dəfə üstələməsi bu istiqrazlar üzrə təkrar bazarın aktiv olacağına işarə idi. Bu səbəbdən SOCAR istiqrazlarının təkrar bazarda qiyməti nominal qiymətindən yüksək olur. Bu həm də onunla bağlıdır ki, SOCAR banklara nisbətən yüksək faiz təklif edir. Kommersiya bankları dollar əmanətlərinə 2-3 faizarası illik dividend təklif edirsə, SOCAR təxminən 2 dəfə çox - illik 5 faiz gəlir təklif edir. Başqa bir tərəfdən onu da qeyd etmək lazımdır ki, SOCAR istiqrazlarında praktiki olaraq valyuta risqi yoxdur. Hesab edirəm ki, bunun özü də çox önəmli məsələlərdən biridir. İstiqraz dollarda alınır və SOCAR ödənişləri dollarda həyata keçirir. Praktiki olaraq burada valyuta risqi yoxdur. Buna görə də pulunu dollarda saxlamaq istəyən vətəndaş pulunu SOCAR istiqrazına yönəldir və dividend əldə edir. Sözügedən istiqrazların istənilən zaman satılaraq nağd pula çevrilə bilməsi də onu əlverişli edən şərtlərdən biridir. Bütün bunlar Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərir”.
Vidadi ORDAHALLI