Natiq Cəfərli: “Cinayət Məcəlləsinə ediləcək məlum dəyişiklik məhkəməyə göndəriləcək kredit işlərində də azalmaya səbəb olacaq”
Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinin sanksiyasında dəyişiklik edilir. 196.1 maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbəri və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurursa, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir.
196.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Belə ki, eyni əməllər külli miqdarda ziyan vurduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq və azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 3 ildən 2 ilə endiriləcək.
Qeyd edək ki, qanun layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.
İqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, inzibati resurslarla problemli kreditlər məsələsini həll etmək mümkün deyil. Çünki kifayət qədər böyük rəqəmlərdən söhbət gedir: “Rəsmi rəqəmlərə görə, problemli kreditlərin həcmi 14 faizə yaxınlaşır. Məhkəmələrə göndərilən işlərin təxminən 70 faizi isə bank-vətəndaş münasibətlərinə açılan işlərdir. Bu da doğru yanaşma deyil. Vətəndaş yaşanan devalvasiyaya görə kredit ödənişini ödəməkdə çətinlik çəkir. Kredit ödənişinin yubadılmasını bəzən dələduzluq kimi qəbul etmək düzgün deyil. Cinayət Məcəlləsinə ediləcək məlum dəyişiklik bu sahəyə rahatlıq gətirəcək. Həmçinin, məhkəməyə göndəriləcək kredit işlərində də azalmaya səbəb olacaq”.
Günel CƏLİLOVA