Aydın Hüseynov: “Bu da Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə, onların maraqlarının...”
“Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır”. Xəbər verildiyi kimi, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, SOCAR-ın həyata keçirdiyi layihələr on milyardlarla gəlir gətirəcək: “Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək".
R.Abdullayevin açıqlamasından o da məlum olub ki, SOCAR öz sərmayələrini əvvəldən müxtəlif sahələrə yönəldib. Hələ xam neftin qiyməti yüksək olduğu dövrdə qurum investisiyalarını şaxələndirməyə qərar verib: “Risqlərin azaldılması və səmərəliliyin artırılması üçün biz müxtəlif ölkələrin bazarlarına üz tutub yeni bazarları kəşf etməyə başladıq. Əsas layihələrimiz başa çatandan sonra hər kəs bu strategiyanın bəhrələrini görəcək, çünki bununla gəlirlərimizin sabitliyi və davamlılığı təmin olunacaq”.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir? Hansı mənbələr hesabına sözügedən layihələr Azərbaycana on milyardlarla gəlir gətirəcək?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, SOCAR qlobal layihələr həyata keçirir: “TANAP, TAP və digər layihələri göstərmək olar. Həmçinin, “Şahdəniz-2”nin və “Azəri-Çıraq-Günəşli”nin işlənməsini göstərmək olar. Bu layihələr çərçivəsində Azərbaycan stabil gəlirlər əldə edəcək. Bütün bunlara baxanda görürük ki, gələcəkdə iqtisadiyyatımıza gəlir gətirən mənbələr mövcuddur. Artıq məlum olduğu kimi, neft hasilatı ilə bağlı 2050-ci ilə qədər yeni müqavilə imzalanıb. Bu layihə çərçivəsində 40 milyard dollar investisiyanın qoyulması nəzərdə tutulub. Onu da qeyd edim ki, sözügedən investisiya neft sektoruna qoyulsa da, qeyri-neft sektorunun inkişafına da çox böyük təsiri olacaq. Başqa bir tərəfdən, Bakı-Tiflis-Qars layihəsi çərçivəsində də ölkəyə valyuta axını gələcək. Ümumilikdə, biz görürük ki, cənab Prezident tərəfindən həyata keçirilən uğurlu iqtisadi strategiyanın bəhrəsi olaraq həyata keçirilən və başa çatmaqda olan layihələr ölkə iqtisadiyyatında mühüm rol oynayacaq. Bu da Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə, onların maraqlarının təmin olunmasına, ölkənin müdafiə qüdrətinin və iqtisadiyyatının daha da güclənməsinə gətirib çıxaracaq”.
Vidadi ORDAHALLI