Zakir Əhmədov: “Yaxın illərdə Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi daha da artacaq”
Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda ÜDM-in 1,3 faiz azalacağını proqnozlaşdırır. Bu barədə yenilənmiş “Asian Development Outlook 2017 Update: Growth Outlook” icmalında qeyd edilir. Əvvəl AİB 2017-ci il üçün Azərbaycanda ÜDM azalmasını 1,1 faiz səviyyəsində gözləyirdi. Sonraki hesabatda bununla bağlı verilən proqnoz dəyişdi.
Bankın qiymətləndirməsinə görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 1faiz təşkil edəcək (aprel proqnozu - artım 1,2 faiz): “Azərbaycanın ÜDM azalması 1,3 faiz təşkil edəcək, bu da ötən ilin analoji dövrünün göstəricisindən yaxşıdır (resessiya 3,4 faiz təşkil edib). İlk növbədə sənaye sahəsində 5,8 faiz səviyyəsində azalma olub. Neft hasilatının azalması da 2017-2018-ci illər üçün ÜDM-in proqnozlarına təkrar baxmağa məcbur edir”.
AİB-in proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 14 faiz təşkil edəcək (aprel proqnozu – 9 faiz), 2018-ci ildə 10 faizədək azalacaq (aprel proqnozu – 8 faiz).
Bankın qiymətləndirməsinə görə, cari ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 5,6 faizi (aprel proqnozu ÜDM-nin 5,9 faizi), 2018-ci ildə 11 faizi səviyyəsində proqnozlaşdırılır (aprel proqnozu - ÜDM-in 11,4 faizi).
2016-cı ildə Azərbaycanda ÜDM-in həcmi 3,1 faiz azalıb, inflyasiya 12,4 faiz təşkil edib. Cari ildə Azərbaycan hökuməti 2017-ci il üçün ÜDM artımını 1 faiz, orta illik inflyasiyanı isə 7,3 faiz səviyyəsində proqnozlaşdırır.
Ümumilikdə, ekspertlər AİB-in hazırladığı hesabatda Azərbaycanla bağlı proqnozları necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədovun sözlərinə görə, bankın Azərbaycanla bağlı proqnozlarına mütləq formada yanaşmaq olmaz: “Nəzərə almaq lazımdır ki, hər il AİB dünya ölkələri ilə bağlı hesabatlar hazırlayır. Bu hesabatlar müxtəlif iqtisadi göstəricilərə və təhlillərə əsasən hazırlanır. Eyni zamanda, dünya iqtisadiyyatında müşahidə olunan ümumi tendensiya nəzərə alınır. Hesabatda qeyd olunur ki, gələn il Azərbaycanda ÜDM 1 faiz artacaq. Ancaq mən buna fərqli yanaşıram. Hesab edirəm ki, gələn il Azərbaycanda ÜDM 1 faiz yox, daha çox artacaq. Neftin dünya bazarında qiymətinin artmasının davam etdiyini nəzərə alsaq, ola bilsin ki, bu artım daha böyük rəqəmlərlə ölçülsün. Başqa bir tərəfdən, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlər görülür. Bu sahədə müşahidə olunan artım da ÜDM-in artmasına təsir edən faktorlardan biri olacaq. Yaxın illərdə Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatda çəkisi daha da artacaq”.
Vidadi ORDAHALLI