Ruslan Atakişiyev: “Beynəlxalq təşkilatların da illik inflyasiyanın dərəcəsi ilə bağlı proqnozları bu yöndədir”
Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə birrəqəmli inflyasiyaya ümid edir. Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, Mərkəzi Bank cari ildə birrəqəmli göstəriciyə yaxın inflyasiya gözləyir. O bunu müəyyən amillərlə əsaslandırıb: “İnflyasiyanın səviyyəsi ilə bağlı proqnoz vermək çətindir. Mənim fikrimcə, mövsümi amillərdən, yəni yay fəsli ilə əlaqədar ərzaq məhsullarında ucuzlaşmadan sonra qarşıdakı aylarda inflyasiya “sıçrayışı” olmayacaq”.
E.Rüstəmov hesab edir ki, hökumət ilin sonuna inflyasiyanın sürətlənməsini gözləmir: “Bilirsiniz ki, istehlak səbətində ərzağın payı əhəmiyyətlidir. Hər hansı fundamental amil, xarici amildən, yəni inflyasiya ixracından başqa inflyasiyanın sürətlənməsinə səbəb olan daxili amil görmürük”.
E.Rüstəmov onu da əlavə edib ki, hökumətin hələ də müəyyən dərəcədə inflyasiya ilə bağlı gözləntiləri qalıb: “Bizim əsas vəzifəmiz ilin sonuna qədər bu gözləntiləri effektiv idarə etməkdir”.
Müşahidələr göstərir ki, əvvəlki ilə baxanda bu il iqtisadi vəziyyətlə bağlı nikbinlik böyükdür. Bunun göstəricilərindən biri də banklarda manatla əmanətlərin 21 faiz artmasıdır.
Maraqlıdır, bəs ekspertlərin ilin sonuna qədər inflyasiyanın birrəqəmli olacağı ilə bağlı gözləntiləri nədən ibarətdir?
Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev də hesab edir ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyədə olacaq: “Hazırkı prosesləri nəzərə alsaq görərik ki, ilin sonuna qədər inflyasiyanın birrəqəmli olacağı gözlənir. Beynəlxalq təşkilatların da illik inflyasiyanın dərəcəsi ilə bağlı proqnozları bu yöndədir. Ötən ilin sonunda proqnoz vermişdilər ki, Azərbaycanda inflyasiya birrəqəmli olacaq. Ona görə də hesab edirəm ki, mövcud iqtisadi vəziyyətin davam etdiyi şəraitdə ilin sonuna qədər ölkədə inflyasiya birrəqəmli səviyyədə olacaq. Ümumilikdə, inflyasiyaya təsir göstərən amillərə gəldikdə isə, bunun müxtəlif səbəbləri var. Burada bir sıra endogen və ekzogen amillərin rolu var. Ona görə də bu gün hansısa bir hadisənin buna təsir göstərəcəyini dəqiq demək çətindir. Yəni inflyasiyanın baş verməsinə təsir edən amillər müxtəlifdir. Bəzən insanlar psixoloji olaraq qiymət artımından təsirlənirlər. Görürsən ki, hərbi xərclərin artırılması, iqtisadiyyatda rəqabət qaydalarının kəskin pozulması inflyasiyaya təsir göstərir”.
Vidadi ORDAHALLI