Azərbaycan iqtisadiyyatının Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən tikilən “Star” neft emalı zavodunun fəaliyyətindən illik gəliri işə düşdükdən sonrakı beş il ərzində 800 milyon dollardan çox təşkil edəcək. Trend-in məlumatına görə, bunu Neftçilər gününə həsr olunmuş tədbirdə çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, növbəti on il ərzində isə gəlirlər 600-650 milyon dollardan çox olacaq.
SOCAR prezidenti deyib: “Zavodun tikintisi 2018-ci ilin ikinci yarısında başa çatacaq. Zavod ilk növbədə Türkiyənin “Petkim” negt-kimya kompleksini nafta ilə təchiz edəcək”.
Rövnəq Abdullayev deyib ki, Transanadolu boru kəmərinin (TANAP) tikintisi üzrə fiziki işlərin 82 faizi başa çatıb. Onun sözlərinə görə, boru kəmərinin Türkiyənin Əskişəhər vilayətinə qədər olan hissəsi gələn ilin ortalarınadək hazır olacaq: “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin isə 90 faizdən çoxu başa çatdırılıb”.