Nüsrət İbrahimli: “Manatın məzənnəsinin dəyişməsindən sonra idxalçılar xaricdən alıb gətirdikləri tikinti materiallarını daxili bazarda satmağa çətinlik çəkirdilər, bu səbəbdən də sahibkarlar tikinti materiallarını ölkədə istehsal etməkdə maraqlıdırlar”
Məlum olduğu kimi, yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 32,6 faiz artaraq 360,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, sementin istehsalı 22,8 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 2,3 dəfə, şüşə lifindən ipliyin istehsalı 4,3 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı isə 39,6 faiz artıb.
Tikinti materialları istehsalında artımın qeydə alınmasına münasibət bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, adıçəkilən sahədə inkişafın baş verməsi gözlənilən idi: “Bəllidir ki, əvvəllər tikinti materaillarının böyük hissəsi əvvəllər xaricdən idxal olunurdu. Ancaq devalvasiyadan sonra idxal edən şirkətlər daha çox daxildə istehsal etməyə üstünlük verdilər. Çünki idxal qiymətləri baha başa gəldiyindən və manatın məzənnəsinin dəyişməsindən sonra idxalçılar xaricdən alıb gətirdikləri tikinti materiallarını daxili bazarda satmağa çətinlik çəkirdilər. Bu səbəbdən də sahibkarlar tikinti materiallarını ölkədə istehsal etməkdə maraqlıdırlar. Nəzərə almaq lazımdır ki, daxildə istehsal daha ucuz başa gəlir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, birinci devalvasiyadan sonar, 2015-2016-cı illər ərzində tikinti sektorunda tənəzzül qeydə alınırdı. Tikinti sahəsini əsasən bank sektoru maliyyələşdirirdi: “O ərəfədə bank sektoru, demək olar ki, işləmirdi. 2017-ci idən isə tikinti sektoru tənəzzüldən çıxmağa başladı. Bir neçə bank öz fəaliyyətini bərpa edəndən sonra kredit verməyə başladı və bu hal bazara öz təsirini göstərdi”.
Günel CƏLİLOVA