Pərviz Heydərov: “…ayrı-ayrı sahələrdə əməkhaqlarının artması ilə bağlıdır”
Yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 faiz artaraq 31770,8 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 3269,1 manat və ya ayda 408,6 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29046,0 milyon manatlıq vəsait qalıb.
Ölkə əhalisinin aylıq gəlirinin nəyin hesabının artdığını öyrənmək məqsədilə ekspertə müraciət etdik.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, əhalinin aylıq gəlirlərinin artmasına dair statistika nominal göstəricidir: “Bu, ayrı-ayrı sahələrdə əməkhaqlarının artması ilə bağlıdır. Ümumən, əhalinin xərcləri də artıb. Biz xərclərin strukturuna fikir versək, əhalinin ən çox ərzaq məhsullarına pul sərf etdiklərini görərik. Bu isə heç də yaxşı hal deyil. Əgər əhalinin gəlirləri nominal deyil, real ifadədə artmış olsaydı, xərclərin strukturunda ərzaq ən çox pul xərclənən məhsullar olmazdı. Bu səbəbdən də qəbul etmək lazımdır ki, nominal ifadədə artım həmişə olub və olacaq. Bu bir dinamik xarakter daşıyan prosesdir. Əsas inflyasiyadır. Son bir il ərzində ölkədə inflyasiyanın səviyyəsi çox yüksəkdir və azalmaq əvəzinə artır. Bu isə real artımı “yeyir”. Bunu Mərkəzi Bankın rəhbəri bəyan edib ki, hələlik bu barədə proqnoz vermək çətindir. Yəni sərt pul-kredit siyasətinə rəğmən, inflyasiya davam etdiyi üçün, əhalinin gəlirlərinin artması effektliliyini itirir. Odur ki, bunun üçün yalnız inflyasiya dayanmalıdır”.
Günel CƏLİLOVA