2018-ci il Azərbaycanın dövlət büdcəsinin əsas parametrləri Nazirlər Kabinetinin iclasından sonra açıqlanacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
O, büdcə layihəsinin Nazirlər Kabinetinin iclasında nəzərdən keçiriləcəyini, daha sonra dövlət başçısına təqdim olunacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Nazirliyi 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin layihəsini Nazirlər Kabinetinə təqdim edib.
Maliyyə Nazirliyi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi strategiyasının hazırlanmasını planlaşdırır. Bunu da maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bu prosesə beynəlxalq nüfuza malik məsləhətçilər qatılacaq.
S.Şərifov deyib: “Bildiyiniz kimi, biz artıq bankın xarici öhdəliklərinin restrukturizasiyası prosesini başa çatdırmışıq. Bu məqam Avropa Yenidənqurma və İnkişaf Prezidenti Suma Çakrabarti ilə görüş zamanı da müzakirə olunub və AYİB Beynəlxalq Bankın özəlləşdirilməsində iştirak etmək niyyətində olduğunu deyib”.
Nazir qeyd edib ki, strategiya hökumət tərəfindən təsdiq olunmalıdır: “Təsdiqlənmədən sonra bank özəlləşdirmə üçün açıq elan olunacaq. Fikrimcə, bu 2018-ci ilin əvvəlində baş verəcək”.