Azərbaycan Mərkəzi Bankı (AMB) 2017-ci ildə birrəqəmli inflyasiyaya ümid edir. Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov qeyd edib ki, AMB cari ildə birrəqəmli göstəriciyə yaxın inflyasiya gözləyir.
E.Rüstəmov deyib ki, Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür. E.Rüstəmov bildirib ki, bu gün manatın məzənnəsi üzən məzənnə rejimindədir: "Müsbət trend adətən tədiyə balansının cari əməliyyatlar hesabının profisiti hesabına formalaşır. Yəni biz cari hesabın profisitinin təqribən 1,5 - 2 milyard dollar təşkil edəcəyini gözləyirik. Mühüm məsələ ondadır ki, manatın möhkəmlənməsi iqtisadi strategiyaya nə dərəcədə uyğun olacaq. Lakin biz hələ ki belə risklər görmürük".
O qeyd edib ki, iqtisadiyyatda cari trendlər hələ hökuməti qane edir: "Bu gün məndən mümkün devalvasiya barədə soruşdular. Mən çox təəccübləndim və sarsıldım ki, devalvasiya ilə bağlı hələ də belə fikirlər qalır".
Dünya Bankı əməkdaşlığa başladığı andan 50-dən çox layihənin icrası üçün Azərbaycana 3,6 milyard dollar vəsait ayırıb. Bunu da Mərkəzi Bankının sədri Azərbaycan və Dünya Bankının əməkdaşlığının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.
Bank sədri bildirib ki, hazırda Dünya Bankı Azərbaycanda 1,4 milyard dollar dəyərində 10 layihəni realizə edir: "Təkcə onu qeyd etmək kifayət edər ki, Dünya Bankının Azərbaycan üzrə portfeli MDB ölkələri arasında ən böyük portfellərdən biridir".