Vüqar Bayramov: “Sanksiyalar aradan qaldırılandan sonra İran Azərbaycan üçün ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından qonşu ölkə olaraq yeni tərəfdaş kimi qiymətləndirilə bilər”
Cari ilin ötən dövrü ərzində İran ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 40 faiz artıb. Bu fikri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə media nümayəndələrinə açıqlamasında deyib.
O qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam olaraq formalaşdıqdan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə ediləcək. İranı Azərbaycan vasitəsilə Rusiya və Avropa ilə birləşdirəcək Rəşt-Astara dəmir yolunun inşası hər iki dövlətin iqtisadi və ticarət əlaqələrini möhkəmləndirəcək.
Ekspertlər Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 40 faiz artmasının gözlənilən olduğunu bildirir.
İqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir artımın baş verməsi gözləniləndir. Çünki Azərbaycan rəsmilərinin İranla iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bağlı səfərləri olub: “İqtisadiyyat Nazirliyinin heyəti və İranın Azərbaycandakı səfirliyinin iştirakı ilə həyata keçirilən səfərlər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb. Nəticə etibarilə baş tutan səfərlər ticarət dövriyyəsinə öz təsirini göstərdi”.
Həmsöhbətimiz onu da vurğuladı ki, İran iş adamları Azərbaycanda istehsal sektoruna investisiya yönəltməkdə maraqlıdır: “Avtomobil və dərman istehsalı ilə bağlı iki ölkə arasında razılıq əldə olunub. Bu da birbaşa ölkədaxili iqtisadi əlaqələrin inkişafına öz təsirini göstərir”.
İqtisadçının sözlərinə görə, Azərbaycanla İran arasında ticarət dövriyyəsinin genişlənməsi prosesi sürətləndirəcək: “Nəzərə almaq lazımdır ki, sanksiyalar aradan qaldırılandan sonra İran Azərbaycan üçün ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından qonşu ölkə olaraq yeni tərəfdaş kimi qiymətləndirilə bilər”.
V.Bayramov bildirdi ki, iki ölkə arasında iqtisadi münasibətlər çərçivəsində yaxın illər ərzində ticarət dövriyyəsi daha da artacaq.
Günel CƏLİLOVA