Rəsul Cahangirli: “Hesab edirəm ki, MSŞT Azərbaycanla bağlı çox böyük yanlışlığa yol verib”
“Yeni kontraktın imzalanması bunu bir daha sübut etdi”
“Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması bir daha xarici neft şirkətlərinin Azərbaycana etimad göstərdiklərini sübut tdi.
Bu həm də bu yöndə Azərbaycanda aparılan işlərin şəffaf olduğunu təsdiq etdi. Digər tərəfdən, bu onu göstərdi ki, bu ilin martında Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) fəaliyyətinin dayandırılması barədə verilən qərar tamamilə əsassız və ədalətsiz imiş. Çünki sözügedən qərar ədalətli olsaydı, o zaman dünyanın aparıcı neft şirkətləri Azərbaycanla yeni, həm də daha iri saziş imzalamaqda maraqlı olmazdılar, özü də 32 il müddətinə. Belə ki, 1994-cü ilin sentyabrında imzalanan “Əsrin kontraktı”nın müddəti 30 il idi. Çünki xarici neft şirkətləri bu kimi layihələrin nə qədər ciddi əhəmiyyət kəsb etdiyinin fərqindədir. Bu sahədə şəffaflıq olmasaydı, onlar yeni kontrakt imzalamaqdan açıq şəkildə yayınardılar. Ən yaxşı halda isə, bununla bağlı aparılan danışıqlar prosesini uzadardılar. Bunların heç birinin baş verməməsi bir daha göstərdi ki, MSŞT-nin Azərbaycan barədə o zamankı qərarı tamamilə qərəzli idi. Baxmayaraq ki, MSŞT-nin qərarından qabaq Azərbaycanın məhz özü bu qərəzə etiraz əlaməti olaraq qurumu tərk etmişdi.
Məlumat üçün qeyd edək ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü neft, qaz və başqa mineral resursların hasilatında açıq idarəetmə və hesabatlılıq təbliğ edən təşkilatdır. Bu ilin martında təşkilatın Boqotada baş tutan növbəti yığıncağında Azərbaycanın üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul edilib. Analoji qərar Tacikistan, Qırğızıstan və Solomon adaları üçün də verilib. Halbuki, Azərbaycan MSŞT prosesinə 2003-cü ildə qoşulub. MSŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MSŞT mükafatı” təqdim olunub.
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu bir daha göstərdi ki, Azərbaycan düz yoldadır: “MSŞT-nin Azərbaycanla bağlı verdiyi qərar tamamilə ədalətsizdir. Yeni kontraktın imzalanması bunu bir daha sübut etdi. Çünki Azərbaycan ən çətin bir dövrdə xarici şirkətlərlə saziş imzalayaraq bu missiyanı üzərinə götürüb. Ötən 23 ilin təcrübəsi də sübut etdi ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gəlib. Öhdəliklərə əməl etmək etimdı doğrultmaqdan xəbər verir. Belə olmasaydı, o zaman xarici neft şirkətləri başqa ölkə ilə tərəfdaşlığa üstünlük verərdilər. Bu həm də indiyə qədər bu sahədə Azərbaycanda görülən işlərin şəffaf olmasının göstəricisidir. Hesab edirəm ki, MSŞT Azərbaycanla bağlı çox böyük yanlışlığa yol verib. Belə bir ədalətsiz qərar qurumun nüfuzuna ciddi zərbə vuracaq. Xüsusən də xarici neft şirkətlərinin Azərbaycanla bağlı növbəti müqavilə imzalamasından sonra bu qaçılmaz bir prosesə çevriləcək”.
Vidadi ORDAHALLI