Fikrət Yusifov: “Son zamanlar neft sənayesində sabitlik mövcuddur və bu vəziyyət imkan verir ki, müəyyən kateqoriyadan olan işçilərin əməkhaqlarına yenidən baxılsın”
Bu ilin yanvar-iyun aylarında Bakıda bir sıra sektorlarda çalışanların əməkhaqqı artıb. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata əsasən, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 7,8 faiz artaraq 776,7 manat olub.
Bu aylarda inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 60,0 min nəfər olub, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 1063,4 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 14,0 faiz azalıb, binaların tikintisində işləyənlərin əməkhaqqı 12,9 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əməkhaqqı isə 12,0 faiz artıb.
Sənayedə işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 1481,1 manata çatıb. Əməkhaqqı mədənçıxarma sənayesində 12,6 faiz, emal sənayesində 5,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 12,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artıb.
Bakı şəhərində 2017-ci ilin II rübündə 18292 yeni iş yeri açılıb. Onlardan hamısı daimi iş yerləridir. 2017-ci ilin II rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,0 faiz artıb.
Paytaxtda orta aylıq əməkhaqqının 8,3 faiz artmasının nəyin hesabına olduğunu öyrənmək məqsədilə ekspertə müraciət etdik.
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra sahələrdə əməkhaqqının artması gözlənilən idi: “Sənaye sektorunda əməkhaqqının 8 faiz artması ayrı-ayrı müəssisələrin öz işçilərinə verdikləri əməkhaqqının, bir növ, indeksləşdirilməsi hesabına olub. Çünki ölkədə müəyyən bir həddə inflyisiya mövcuddur. Bəlli inflyasiya şəraitində bəzi müəssisələr əməkhaqqını indeksləşdirə bilərlər. Əməkhaqqı bu formada arta bilər”.
Professorun sözlərinə görə, artım əsasən neft sektorunda qeydə alına bilər. Bəllidir ki, son zamanlar neft sənayesində müəyyən bir sabitlik mövcuddur: “Bu vəziyyət imkan verir ki, müəyyən kateqoriyadan olan işçilərin əməkhaqlarına yenidən baxılsın. Həmçinin, bəzi müəssisələr öz fəaliyyətlərini normal səviyyədə saxlaya bilirlər. Onlar işçilərinin əmək fəaliyyətini qiymətləndirirlər”.
Günel CƏLİLOVA