"Azərbaycan Beynəlxalq Bankı (ABB) çətin vəziyyətdə idi. Bunu nəzərə alaraq Azərbaycan hökuməti onu restrukturizasiya etmək qərarına gəldi". "APA-Economics" xəbər verir ki, bunu "Kazinform" agentliyinə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
"Bilirəm ki, Qazaxıstan tərəfinin də bu bankda pulları var idi. Onu da əlavə edim ki, ARDNF-in pulları da bu bankdadır. Restrukturizasiya nəticəsində ARDNF də, xarici investorlar da müəyyən itkilərlə üzləşib. Banka yatırılan vəsaitin 20%-i silinib, lakin Azərbaycan hökuməti bir daha nümayiş etdirdik ki, yerli və xarici investorlara fərq qoymur", - deyə Ş. Mövsümov qeyd edib.
İcraçı direktor əlavə edib ki, restrukturizasiya prosesinin başlaması ondan xəbəri verir ki, əksəriyyət bu prosesin ədalətli olduğunu hesab edir.
"Neft fondlarının yaradılmasının çox ciddi elmi əsaslandırılması var. Son 50 ilə nəzər salsaq görərik ki, neft gəlirlərindən mərkəzləşdirilmiş qaydada istifadə etməyən ölkələr iqtisadi inkişaf baxımından digərlərindən geri qalır". Bunu da Ş.Mövsümov bildirib.
Ş. Mövsümovun fikrincə, qısa müddət ərzində kifayət qədər böyük həcmdə vəsaitin daxil olması iqtisadiyyatın tarazlığını pozur, milli valyutanı kəskin bahalaşdırır, özəl sektorun rəqabət qabiliyyətini zəiflədir: "Bütün bunlar neft fondlarının yaradılmasının zəruriliyini bir daha ortaya qoyur. Təbii ki, fondların yaradılması əvəzinə pulların paylanılması variantı da seçilə bilər, lakin bunun sonu yaxşı olmur. Bunu bir neçə ölkənin misalında da göstərə bilərik. Lakin Azərbaycan və Qazaxıstanda istifadə olunan nümunə onu göstərir ki, neft fondlarının yaradılması düzgün, uzaqgörən, ölçülmüş addımdır".
ARDNF-nin 1999-cu ildə yaradıldığını xatırladan icraçı direktor əlavə edib ki, Fondun əsa gəlir mənbəyi neft-qaz satışından əldə olunan vəsaitdir. "ARDNF yaradılandan bura 130 mlrd. dollardan çox vəsait daxil olub. Bu vəsaitdən 75%-i müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilib, 25%-i isə qorunub. Hazırda Fondda 35 mlrd. dollar var. Qanunvericiliyə əsasən, ARDNF ölkə daxilində həyata keçirilən layihələrə investisiya yatıra bilməz. Bizim kifayət qədər diversifikasiya olunmuş portfelimiz var", - deyə o bildirib.