Azər Allahverənov: “Çoxsaylı layihələrin bölgələrdə həyata keçirilməsi, yeni iş yerlərinin açılması insanları geri qayıtmağa vadar etdi”
"Bölgələrdən Bakıya müşahidə olunan miqrasiya azalıb". Bunu Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib. O qeyd edib ki, bütün işlərin, yürüdülən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır. Ona görə sosial məsələlərin həlli, xüsusilə təhsillə, səhiyyə ilə bağlı məsələlər həmişə bizim üçün prioritet olub”.
Dövlət başçısı qeyd edib ki, bölgələrdə yaradılan şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır. Biz artıq bunu da görürük ki, əvvəlki illərdə Bakıya bütün bölgələrdən müşahidə olunan miqrasiya indi azalıb: “Eyni zamanda, əks proses də başlayıb. İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb".
Məsələ ilə bağlı fikir bildirən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda vaxtilə Bakıya gəlmiş rayon camaatının geri qayıdışı müşahidə olunur: “2015-ci ildən etibarən bu proses müşahidə olunur. Və bu gün vəziyyət ən yüksək səviyyədə həllini tapıb”.
A.Allahverənovun sözlərinə görə, çoxsaylı layihələrin bölgələrdə həyata keçirilməsi, yeni iş yerlərinin açılması insanları geri qayıtmağa vadar etdi. Zaman-zaman bölgələrdə müxtəlif iş yerlərinin açılmasının şahidi oluruq. Təbii ki, bu kimi amillər bir vaxtlar bölgələrdən uzaq düşən kadrların geri qayıtmasına səbəb olub.
Həmsöhbətimizin sözlərinə görə, paytaxtdan bölgələrə üz tutanlar tək kənd təsərrüfatı sahəsində çalışmaq üçün getmirlər: “Bəllidir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqram imzalanıb. Fermer təsərrüfatının və bölgələrin sosial inkişafı dövlət proqramları həyata keçirilir. Nəzərinizə çatdırım ki, vaxtilə Bakı şəhərində tikiniti bumu müşahidə olunurdu. Tikinti sektorunda çalışanların böyük əksəriyyəti məhz bölgələrdən gələn vətəndaşlar idi. Baş verən məlum devalvasiya hadisəsindən sonra tikinti sektoru bir qədər zəiflədi. Nəticədə bu sahədə çalışan şəxslər geri qayıtmağa başladı.
Günel CƏLİLOVA