Günel Fərhadqızı: “Bakıdakı tədbirdən sonra bu daha da təkmilləşəcək”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də MDB-yə üzv dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçılarını qəbul edib. Prezident MDB-yə üzv dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının XVII sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib.
Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ölkələr keçid və islahatlar dövründə, demək olar, eyni problemlərlə üzləşiblər: “Ölkələrimizin qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından sessiyada aparılacaq müzakirələr önəmlidir və əlbəttə ki, dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsi sıx koordinasiya tələb edir. Eyni zamanda, bu tədbir qonaqların Azərbaycanda maliyyə nəzarəti sahəsində son illər həyata keçirilən işlərlə yaxından tanış olması üçün yaxşı imkan yaradır”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir. Son illər dünyada baş vermiş iqtisadi və maliyyə böhranına toxunan Prezident bildirib ki, bütün bu proseslər dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir: “Bu baxımdan ölkələrimizin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür”.
Prezident İ.Əliyev tədbirdə müzakirələrin və təcrübə mübadiləsinin konstruktiv və səmərəli şəkildə keçəcəyinə ümidvar olduğunu bildirib.
Ölkə rəhbərinin ölkələrimizin qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından daha sıx koordinasiyaya ehtiyacın olduğunu xatırlatması bundan sonrakı proseslərə necə təsir edəcək?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, belə bir koordinasiyaya doğrudan da böyük ehtiyac var: “Hazırda bütün dünyada maliyyə nazərəti istiqamətində ciddi tədbirlər görülür. Bilirsiniz ki, müasir dövrdə bütün resurslar qloballaşıb və vahid bir şəbəkəyə qoşulub. Yəni insanlar böyük yol qət etmədən, evdə, ofisdə otura-otura istədikləri əməliyyatı həyata keçirə bilərlər. Burada “çirkli pullar”ın yuyulması, terrorizmin maliyyələşdirilməsi və başqa qanunsuz maliyyə əməliyyatlarından söhbət gedə bilər. MDB ölkələrilə bizim aramızda daha çox əlaqə mövcuddur. Biz faktiki olaraq həmin ölkələrə vizasız gedib-gəlirik. Sözügedən qrup ölkələrlə bizim aramızda daha çox ticarət dövriyyəsi var. Sözsüz ki, bütün bunlar maliyyə üzərindən həyata keçirilir. Hazırda bu sahəyə bir ölkənin tam nəzarət etməsi mümkün deyil. Bu səbəbdən də ciddi, koordinasiyalı fəaliyyətə ehtiyac duyulur. Bu məqamı İ.Əliyev doğru vurğulayıb. Bizim MDB ölkələrilə bu sahədə ciddi münasibətlərimiz qurulub. Bakıdakı tədbirdən sonra bu daha da təkmilləşəcək”.
Məhəmmədəli QƏRİBLİ