Rəsul Cahangirli: “Azərbaycan şanslı ölkələrdəndir ki, maliyyə baxımından kimdənsə asılı deyil”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bir sıra vacib məqamlara toxunub.
Dövlət başçısının fikrincə, Azərbaycan özünü tam təmin edə bilir: “Bu müşavirə bir daha onu göstərir ki, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var. Mən əminəm ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək. Qeyd etməliyəm ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin”.
Ölkənin əksər məhsullarla özünü təmin edə bilməsi yüksək göstəricidir. Bu, ölkənin valyuta ehtiyatlarının qorunmasına, ixracın idxalı qat-qat üstələməsinə davamlı təkan verən bir prosesdir. Ümumilikdə, dünyada özünü tam təmin edə bilən ölkələr çoxdurmu?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, özünü tam bütün məhsullarla təmin edən ölkələrin sayı çox deyil: “Bir sıra ölkələr var ki, məhz daxili resurslar hesabına özünü tam təminetmə potensialına malikdir. Bunlar da əsasən inkişaf etmiş ölkələrdir. Ancaq heç də bütün inkişaf etmiş ölkələr bu imkana malik deyil. Elə inkişaf etmiş ölkələr var ki, geniş sənaye istehsalına, yüksək texnologiyalara sahib olmasına rəğmən, ərzaq və enerji daşıyıcılarına olan tələbatı əsasən idxal hesabına təmin edir. Məsələn, Yaponiya belə ölkələrdəndir. Yaxud da sözügedən məhsulların bir qismini xarici mənbələr hesabına təmin edən ölkələr var. Elə dövlətlər var beynəlxalq maliyyə qurumlarından kredit götürməklə bəzi layihələri həyata keçirir, yaxud da müəyyən məhsulları əldə edir. Ona görə də özünü tam təmin edə bilən ölkələrin sayı dünyada çox deyil. Azərbaycan şanslı ölkələrdəndir ki, maliyyə baxımından kimdənsə asılı deyil. Ölkədə aparılan geniş islahatlar çoxşaxəli iqtisadiyyatın yaradılmasına xidmət edir. Belə ki, bu, yaxın gələcəkdə idxalın minimum səviyyəyə enməsinə gətirib çıxaracaq. Azərbaycanın sahib olduğu potensial ölkəni kənd təsərrüfatı məhsulları ilə tam təmin etməyə imkan verir”.
Vidadi ORDAHALLI