Ruslan Atakişiyev: “Azərbaycan brendi adı altında məhsulların istehsal olunması da buna öz təsirini göstərib”
Son illər ərzində sahibkarlara dövlət tərəfindən iki milyard manatdan çox güzəştli kreditlər verilib və əlbəttə, sahibkarlar da öz vəsaitlərini qoyublar. Bu təşəbbüs nəticəsində ölkə iqtisadiyyatının real sektoruna ümumilikdə təqribən 4 milyard manat, bəlkə də ondan da çox vəsait qoyulub. Bunu Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində söyləyib.
Sözügedən məsələ ilə bağlı ölkə başçısı qeyd edib ki, kreditlər əsasən regionlara, kənd təsərrüfatına, emal sənayesinə ayrılıb: “Mən sahibkarlarla mütəmadi olaraq görüşürəm, onlara öz dəstəyimi verirəm. Bilirsiniz ki, yoxlamaların da sayı kəskin şəkildə aşağı düşüb. Yəni biz şərait yaradırıq ki, sahibkarlar qurub-yaratsınlar, yeni iş yerləri, yeni sənaye sahələri yaratsınlar və Azərbaycanda istehsal, ixrac artsın, idxal azalsın. Biz bunu görürük”.
Prezident İlham Əliyev onu da qeyd edib ki, bu ilin 7 ayında ticarət dövriyyəmizin müsbət saldosu əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, ölkənin valyuta ehtiyatları da artıb: “Yəni biz daha çox ixrac edirik, nəinki idxal. Biz 7 ay ərzində valyuta ehtiyatlarımızı böyük dərəcədə artıra bilmişik. Baxmayaraq ki, neftin qiyməti bu gün də çox aşağı səviyyədədir, biz 7 ayda valyuta ehtiyatlarımızı 3 milyard 600 milyon dollar səviyyəsində artırmışıq. Mən deyəndə ki, ölkə qarşısında heç bir maliyyə çətinliyi yoxdur, bax, bu rəqəmlər bunun bariz nümunəsidir”.
Bütün bu deyilənlərin fonunda, ötən 7 ayda ölkənin valyuta ehtiyatlarının artması nəyin göstəricisidir?
Məsələyə münasibət bildirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin direktoru Ruslan Atakişiyev ötən 7 ayda ölkənin valyuta ehtiyatlarının artmasını bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, builki dövlət büdcəsinin qəbulu, həm də hökumət qarşısında qoyulan müvafiq tələblər zamanı bir sıra məqamlar nəzərə alınıb. Dövlət büdcəsinin xərclənməsi ilə bağlı tələblərdən görürük ki, qənaət rejiminə keçilib. Xərclərlə bağlı infrastruktur layihələri azaldılıb, digər çox vəsait tələb edən layihələr sonrakı dövrə saxlanıb. Bəzilərindən ümumiyyətlə imtina olunub. Bütün bunlar qənaət tədbirləridir. Həmçinin, dünya bazarında neftin qiyməti əvvəlki dövrlərlə müqayısədə xeyli ucuzlaşsa da, son dövrlər stabil qalması buna imkan verib. Azərbaycan brendi adı altında məhsulların istehsal olunması da buna öz təsirini göstərib. Bütün bunlar hardasa vəsaitlərin toplanmasına öz təsirini göstərib. Nəticədə ötən müddət ərzində Azərbaycanın valyuta ehtiyatlarının həcmi artıb”.
Vidadi ORDAHALLI