Natiq Cəfərli: “Ölkəmizdə keçirilən biznes forumların sayının artması işgüzar turizmin inkişafına səbəb olan amillərdən biridir”
Rusiyanın "Aeroklub" şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib. Siyahıda Azərbaycan işgüzar turizm bazarının liderləri siyahısında yer alıb. Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib.
Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq lider üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb.
Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv edildiyindən, Rusiya iş adamlarının 70 faizi Belarus, 17 faizi Azərbaycan və 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir.
Qeyd edək ki, "Aeroklub" şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir. Şirkətin Moskva, Sankt-Peterburq və Vladivostokda ofisləri var.
Azərbaycanın işgüzar turizm bazarında ön sırada yer alması təqdirəlayiqdir.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ölkəmizdə müxtəlif formatda konfranslar keçirilir. Avropa Birliyinə daxil olan ölkələr və böyük biznes çevrələri olan ölkələrlə biznes forumlar keçirilib: “Son iki il ərzində bu tip forumların sayı artıb. Hətta mətbuatı izləməklə hansı biznes forumların keçirilməsindən xəbərdar olmaq olar”.
İqtisadçının fikrincə, biznes forumların keçirilməsi işgüzar turizmin artmasına səbəb olan amillərdən biridir. Bu forumlara gələn iştirakçılar biznes vizası alırlar . Və onlar qeydiyyatdan biznesmen turist kimi keçirlər. Bunun da nəticəsində son zamanlar ölkəmizdə biznes turizmi inkişaf edir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bu tip forumların keçirilməsi gələcəkdə işgüzar turizmin daha da inkişaf etməsinə səbəb olacaq.
Günel CƏLİLOVA