Zakir Əhmədov: “Təsadüfü deyil ki, ötən il ölkəmizə gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub”
Ötən il daimi yaşamaq üçün Azərbaycana 3233 nəfər gəlib. Bu da 2015-ci illə müqayisədə 584 nəfər çoxdur. İmmiqrantların sayına görə MDB ölkələri (1493 nəfər) fərqlənir. Ölkəmizə yaşamaq üçün ən az immiqrant Yunanıstandan gəlib: 1 nəfər.
Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə immiqrantlardan 1402 nəfəri kişi, 1831 nəfəri isə qadın olub. Azərbaycana daimi yaşamaq üçün gələnlərin əsas hissəsini 30-34 yaşlı adamlar təşkil edib. Gələnlər arasında azlıq isə 4 yaşadək uşaqlara aiddir: 15 nəfər.
Ötən il ölkəmizə gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub.
Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı 1711 nəfər olub. Bu rəqəm 2015-ci illə müqayisədə 154 nəfər çoxdur. Burada da üstünlük MDB ölkələrinə məxsusdur: 1474 nəfər Azərbaycandan gedən emiqrantların sayına görə isə Latviya və Estoniya sonuncudur (2 nəfər). Ötən il ölkədən gedənlərin 818 nəfəri kişi, 893 nəfəri isə qadın olub. Daimi yaşamaq üçün Azərbaycanı tərk edənlər arasında üstünlük 20-24 yaşlılara (364 nəfər) aid olub. Səksən və yuxarı yaşlı sakinlərdən isə bir nəfər başqa ölkəyə gedib.
Ötən il ölkəni tərk edənlərdən 1577 nəfəri əmək qabiliyyətli şəxslər olub.
Bütün hallarda, görünən odur ki, Azərbaycana gələnlərin sayı ilbəil artır. Eyni zamanda, ölkədən gedənlərin sayı ilə müqayisədə iki dəfə çoxdur. Bütün bu deyilənlərin fonunda, ölkəyə gələnlərin sayının çox olması nəyin göstəricisidir? Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədov bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, Azərbaycanda iqtisadi vəziyyət əlverişli olduğuna görə əmək fəaliyyəti üçün yaxşı imkanlar var. Həmçinin, bəzi ölkələrlə müqayisədə ictimai və siyasi sabitlik dayanıqlıdır. Terror və digər bu kimi xoşagəlməz risqlər çox aşağıdır. Bütün bunlar immiqrantları cəlb edir və onlar Azərbaycana üz tuturlar. Digər tərəfdən, 2014-cü ildən sonra neftin qiymətində yaşanan ucuzlaşmanın yaratdığı iqtisadi fəsadlar arxada qalıb. İqtisadiyyatda müşahidə olunan canlanma immiqrantlar üçün cəlbedici mühit yaradıb. Təsadüfi deyil ki, ötən il ölkəmizə gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub. Bundan başqa, xarici ölkələrdə müəyyən müddət yaşayan, oranın vətəndaşı olan soydaşlarımız da Azərbaycana qayıdır. Eləsi var ki, övladları yetkinlik yaşına çatandan sonra vətənə qayıtmağı üstün tutur. Bax, bu amilin də rolu var. Ancaq əsas amil iqtisadi faktorlarla bağlıdır”.
Vidadi ORDAHALLI