Əkrəm Həsənov: “Banklar verdiyi kreditin qayıdıb-qayıtmayacağı təlaşı ilə yaşamaqdansa, krediti verməməyə daha çox üstünlük verir”
Azərbaycanda regionların kreditləşməsi 20 faiz azalıb. Regionların kreditləşməsi illik 19,8 faiz azalaraq cari il iyulun 1-nə 2 194 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 15,8 faizi regionların payına düşüb.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumta əsasən, regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (542 mln. manat) qeydə alınıb.
Ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 11 688 mln. manat və ya 84,2 %-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3 % təşkil etdiyi halda, Bakı şəhərində 9,9 % olub. Regionlarda isə orta faiz 9 %-21,9 % arasında dəyişib.
Regionlarda kreditləşmənin azalması barədə fikir bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkə üzrə ümumi kreditləşmənin həcmi azalıb. Kreditləşmənin azalmasının isə bir neçə səbəbi var: “İlk olaraq deyim ki, artıq Mərkəzi Bank banklara kifayət qədər vəsait vermir. Mərkəzi Bank pul kütləsini azaltdığı üçün, statistikada azalma müşahidə olunur”.
Həmsöhbətimizim sözlərinə görə, Mərkəzi Bank banklar üçün vaxtaşırı depozit hərracı keçirir: “Banklar sərbəst vəsaitlərini Mərkəzi Banka əmanət kimi qoyurlar. Mərkəzi Bank kommersiya banklarına 10 faizdən çox ödəmə edir”.
Ə.Həsənov bölgələrdə fəaliyyət göstərən bankların kredit verməkdə maraqlı olmadığını dilə gətirdi: “Banklar verdiyi kreditin qayıdıb-qayıtmayacağı təlaşı ilə yaşamaqdansa, krediti verməməyə daha çox üstünlük verir. Artıq banklar real sektoru kreditləşdirməkdən yayınırlar”.
Ekspert onu da vurğuladı ki, banklar əhaliyə kredit verərkən daha ehtiyatlı davranır: “Bunun da səbəbi gəlirlik səviyyəsinin aşağı olmasıdır. Mərkəzi Bank tərəfindən kommersiya banklarına lazımi dərəcədə vəsait ayrılsa, onlar kreditləşməni bərpa etməkdə maraqlı olacaq. Zənnimcə, artıq Mərkəzi Bank kommersiya banklarından yüksək faizlə əmanət qəbuletmə ənənəsinə son qoymalıdır”.
Günel CƏLİLOVA