Aydın Hüseynov: “İndi edilən gömrük və digər vergi güzəştləri, əslində, fermerlərin işinin daha da genişləndirilməsinə gətirib çıxaracaq”
Bir sıra kənd təsərrüfatı məhsulları və onların istehsalında istifadə olunan texnoloji avadanlıqlar gömrük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı yeni qərar verib.
Belə ki, safqanlı cins iribuynuzlu diri heyvanlar, diri qoyunlar, diri keçilər, çəkisi 185 qramdan artıq olmayan ana və əcdad cinsi xətti ilə çoxaldılan ev toyuqlarının cücələrinin yumurtlayan növləri gömrük rüsumundan azad edilib.
Bundan başqa, toxumluq soya paxlaları, əkin üçün günəbaxan toxumu, əkin üçün şəkər çuğunduru toxumu, yonca toxumu, yem çuğunduru toxumu, gübrələr üçün də gömrük rüsumu alınmayacaq.
Kənd təsərrüfatı məhsulları ilə yanaşı, onların istehsalında istifadə olunan quruducular, süd separatorları, su filtrlənməsi avadanlıqları, suvarma qurğuları, səpələyicilər, pnevmotik qaldırıcılar, yükləyici qurğular, kənd təsərrüfatı maşınları, inkubatorlar, çeşidləmə maşınları, yeyinti məhsulları üçün avadanlıqlar də heç bir vəsait ödənilmədən ölkəyə gətirilə biləcək.
Gömrük rüsumundan azad etmələr dövlət başçısının qeyri-neft sektorunun təşviq edilməsi üçün həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu güzəştlər ölkənin kənd təsərrüfatı potensialından tam istifadə edərək daxili istehsalın artırılması və onun ixrac imkanlarının genişləndirilməsinə hədəflənib.
Gələn ayın 24-dən qüvvəyə minəcək qərar 3 il müddətində qüvvədə olacaq. Buna görə fermerlər bu güzəştlərdən yararlanaraq öz təsərrüfatlarını inkişaf etdirmək üçün kifayət qədər geniş imkan əldə ediblər.
Maraqlıdır, bəs ekspertlərin bu dəyişikliyə münasibəti necədir?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bu, qeyri neft-sektorunun inkişafına, xüsusən də kənd təsərrüfatı məhsullarının emalına müsbət təsir göstərəcək: “Məsələ ondadır ki, Azərbaycanda kənd təsərrüfatı sektoru çox sürətlə inkişaf edir. Qeyri-neft sektorunun şaxələndirilmiş bir qolu da kənd təsərrüfatıdır. Son dövrlər bu sahədə yüksək nailiyyətlər əldə olunub. Pambıq plantasiyaları genişləndirilir, tütünçülük, baramaçılıq və digər bu kimi sahələr inkişaf etdirilir. Yəni strateji əhəmiyyət kəsb edən məhsulların istehsalına xüsusi önəm verilir. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı lazım olan texnikaların gömrük rusumundan azad olunması bu sahədə fəaliyyət göstərən sahibkarların işinə çox ciddi stimul verəcək. İndi edilən gömrük və digər vergi güzəştləri, əslində, fermerlərin işinin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, bu, kənd təsərrüfatında emal sənayesinin inkişafına müsbət təsir göstərəcək”.
Vidadi ORDAHALLI