Natiq Cəfərli: “Ümid edirəm ki, yeni yaradılacaq sistem məhz buna xidmət edəcək”
Azərbaycan və Türkiyə arasında pul köçürmələri üzrə yeni sistem istifadəyə veriləcək. Bu barədə mətbuata Azərbaycanın poçt rabitəsi bazarındakı mənbə deyib. Mənbənin açıqlamasından belə məlum olub ki, hazırda Türkiyə pul köçürmələrinin həyata keçirilməsi üçün yeni sistem yaradır və bu sistem ilk dəfə Azərbaycanla istifadə olunacaq.
Mənbənin sözlərinə görə, bu sistemi Türkiyə tərəfi hazırlayır, Azərbaycan isə bu məsələdə məsləhətçi xidmətləri göstərir və öz tövsiyələrini verir: "Hazırda ölkələr arasında pul köçürmələri üçün müxtəlif sistemlərdən istifadə olunur. Reallaşdırılan bu layihə isə prinsipial olaraq tamamilə yeni, iki ölkə arasında istifadə üçün nəzərdə tutulmuş pul köçürmələrinin beynəlxalq standartlara uyğun olmasını nəzərdə tutur".
Agentliyin həmsöhbəti bildirib ki, layihə üzrə müəyyən nəticələr ilin sonuna əldə olunacaq.
O da məlumdur ki, bu ilin I yarısında Azərbaycana daxil olan pul baratlarının həcmi illik müqayisədə 58,3 % artaraq 459 mln. ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalınada deyilir. İcmalda bildirilir ki, hesabat dövründə iqtisadi tərəfdaş ölkələrdə yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. Onu da qeyd edək ki, 2016-cı ilin I yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 46,9 % azalaraq 290 mln. dollar təşkil edib.
Azərbaycan üçün tərəfdaş ölkələrdən biri də Türkiyədir. İki ölkə arasında sıx iqtisadi əlaqələr var. Bununla yanaşı, orada çalışan soydaşlarımız ölkələrinə pul göndərirlər. Ümumilikdə, yeni sistemin mahiyyəti barədə ekspertlərin fikirləri nədən ibarətdir?
Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli yeni sistemin mahiyyəti barədə bir sıra məqamlara toxundu: “Dünya üzrə pul köçürmələri SWIFT sistemi əsasında həyata keçirilir. Banklar ora üzv olur və onların SWIFT sistemində öz kodlarının olması pul köçürmələrini asanlaşdırır və əməliyyatların daha tez şəkildə həyata keçirilməsinə səbəb olur. Türkiyə-Azərbaycan arasında istifadəyə veriləcək pul köçürmələri üzrə yeni sistemin beynəlxalq praktikadan kənar olacağını düşünmürəm. Ola bilər ki, Azərbaycandan pul çıxarılmasının qarşısını ala biləcək nəzarət gücləndirilsin. Son zamanlar Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası bütün inzibati resurslardan istifadə edərək valyutanın ölkədən xaricə çıxışını məhdudlaşdırıb. Yeni vergilər və inzibati maneələr tətbiq etməkdənsə, hər iki ölkədə biznesin inkişafına hesablanmış təşviqedici tədbirlər görmək daha məqsədəuyğundur. Ümid edirəm ki, yeni yaradılacaq sistem məhz buna xidmət edəcək”.
Vidadi ORDAHALLI