Vüqar Bayramov: “Sözügedən ölkələrin 4-ü Azərbaycana məsafə baxımından daha yaxındır”
2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Məlum olub ki, bu ilin 7 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.
7 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8.3 dəfə, elektrik enerjisi 3.2 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz, kimya sənayesi məhsulları 30 faiz, alüminium və ondan hazırlanan məmulatlar 29 faiz, spirtli və spirtsiz içkilər 26 faiz, plastmas və onlardan hazırlanan məmulatlar 12 faiz artıb.
2017-ci ilin iyul ayına gəldikdə isə, qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Cari ilin 7 ayı ərzində dünyanın 53 ölkəsindən 264.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
İyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə 15 % çox olub. 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6.5, mart ayında 27, aprel ayında 29.9, may ayında 19, iyun ayında 62.3 və iyul ayında 71.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İxrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19 %) ilə yanaşı, Ukraynanın (7.8 %), Türkiyənin (7.4 %), ABŞ-ın (4.8 %) və Səudiyyə Ərəbistanının (4.8 %) adı var.
Göründüyü kimi, Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi 5 ölkədən 3-ü MDB (Rusiya, Gürcüstan və Türkmənistsn) məkanı ölkələridir. Ümumilikdə bu göstəricini ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov bunu bir sıra amillərlə əlaqələndirdi. Onun fikrincə, adıçəkilən ölkələrin 4-ü Azərbaycana məsafə baxımından daha yaxındır: “O üzdən, qeyri-neft məhsulları əsasən sözügedən ölkələrə ixrac olunur. Bununla yanaşı, prioritet ondan ibarətdir ki, idxalın əvəzlənməsi prosesi davam etsin. Çünki idxalın əvəzlənməsi valyutanın ölkədə qalması baxımından vacibdir. Dünyada elə bir təcrübə də yoxdur ki, hansısa ölkə qeyri-xammal ixracatını qısa zamanda artıra bilsin. O baxımdan bu proses mərhələlidir. Azərbaycan ixracatının yenə 90 faizə yaxınını neft və neft məhsulları təşkil edir. Qeyri-neft sektorunun ixrac imkanlarının genişlənməsi prioritetdir. Amma bu, zaman tələb edir və bunun mərhələli şəkildə həyata keçirilməsi mümkündür. Burada mövsümi faktorların da çox vacib olduğunu diqqətdən qaçırmaq olmaz. Çünki Azərbaycanın qeyri-neft ixracatının təxminən 60 faizə yaxınını aqrar məhsullar təşkil edir. Bu da birbaşa mövsümi faktorlara, eyni zamanda, bazara çıxış imkanlarına bağlıdır. Çünki Azərbaycanın aqrar ixracatının 90 faizi Rusiya bazarının payına düşür. Ona görə qeyri-neft ixracatında mövsümi faktorlar birbaşa ümumi ixracatın həcminə təsir göstərir. Amma yenə hələlik neftin dünya bazar qiyməti önəmlidir. Çünki neftin dünya bazar qiyməti ümumi ixracatın həcmini müəyyənləşdirən faktordur".
Vidadi ORDAHALLI