2017-ci ilin əvvəlindən Azərbaycan manatı 4 faiz möhkəmlənib. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov "İqtisadi islahatlar: nəticələr və tövsiyələr" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, özünün ən pis göstəricisindən bu yana manat 11 faiz möhkəmlənib: "Hazırda manatın məzənnəsi üçün təhlükə yoxdur".
Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının ortalarında uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır.
Onun sözlərinə görə, may ayında keçirilmiş monitorinq göstərib ki, inflyasiya azalmaqda davam edir: “Bu vəziyyətdə uçot dərəcəsinin yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin İdarə Heyətinin iclasında bu məsələnin müzakirə olunması gözlənilir”.
AMB rəhbəri həmçinin, istehlak qiymətləri indeksi ilə bağlı vəziyyətin yaxşılaşdığını vurğulayıb: “Biz inflyasiyanın dinamikasını izləyirik və müsbət prosesləri müşahidə edirik. 2017-ci ilin ilk dörd ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə daha az olub”.