“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Trend”-ə verilən məlumata görə, bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.
Maliyyə Nazirliyi bildirir ki, ABB-nın sağlamlaşdırılması istiqamətində, o cümlədən kapital və likvidlik səviyyəsinin qorunması məqsədilə hökumət tərəfindən bir çox tədbirlər həyata keçirilib, bir sıra tədbirlər isə hazırda icra olunmaqdadır. O cümlədən, bankın toksik aktivlərinin balans dəyəri ödənilməklə dövlətə məxsus qurum tərəfindən alınıb, bankın nizamnamə kapitalına əlavə kapital yerləşdirilib, əmanətçilərə əmanətləri üzrə dövlət tərəfindən zəmanət verilib.