TÜİB sədri: “Bakı Limanı Orta Asiyaya yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq”
Türkiyə və Azərbaycan arasında güzəştli ticarət sazişinə dair 68 sahə müəyyən edilib. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandaki səfirliyinin ticarət müşaviri Ahmet Ataker deyib.
Müşavir bildirib ki, sazişlə bağlı müqavilə üzərində hazırda iş gedir və bu ilin sonuna qədər müqavilənin imzalanmasi gözlənilir.
O qeyd edib ki, bu müqavilə bir başlanğıc olacaq: "Türkiyənin ən böyük hədəfi Azərbaycanla sərbəst ticarət sazişinin imzalanmasıdır".
Türk şirkətləri məhsullarını Azərbaycanda istehsal etməklə üçüncü ölkələrə ixrac etməlidir. Bunu isə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Ali İhsan Gənç deyib.
O bildirib ki, Türkiyə şirkətlərinin Azərbaycanda məhsul istehsal etməsi olduqca sərfəlidir: "Azərbaycanda istehsal olunan məhsul MDB ölkələrinə gömrük vergisiz ixrac edilə bilər. Azərbaycanda istehsal olunan məhsulları bir çox ölkəyə daha rahat göndərmək mümkündür".
TÜİB sədri qeyd edib ki, Ələtdə inşa edilən Bakı Beynəlxalq Ticarət Limanı Orta Asiya ölkələrinə yüklərin nəqlində əhəmiyyətli rol oynayacaq: "Bu liman Türkiyədən gələn yüklərin Qazaxıstana və Türkmənistana daşınmasında vacib rol oynayıb. Limanın genişləndirilməsi yüklərin nəqlini daha da asanlaşdıracaq".
Rusiyanın türk məhsullarına qarşı sanksiyaları ləğv etməsi Azərbaycana ixracata təsir etməyəcək. Bunu isə Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədri Ahmet Hamdi Gürdoğan bu gün Azərbaycan-Türkiyə biznes-forumunda deyib.
O bildirib ki, Türkiyə-Rusiya münasibətlərində yaşanan böhran müsbət nəticələr də verdi: "Böhran sonrası Rusiyanın aldığı sanksiya qərarları bizim Azərbaycan ərazisini istifadə etməklə Orta Asiyaya ixracat etməyimizin önünü açdı. Əslində, bu marşrut Rusiyadan Orta Asiyaya gedən marşrutdan çox qısa və sərfəlidir. Türk məhsullarına sanksiyaların götürülməsi bu marşrutun istifadəsinə təsir etməyəcək."
O qeyd edib ki, bu marşurutun da istifadəsində bir sıra problemlər mövcuddur: "İlk olaraq Xəzərdə güçlü dalğalanma olan zaman səfərlər geçikir. Türkiyədə güclü dalğalara dözümlü gəmi inşa etmə texnologiyaları var. Bunu istifadə etməklə buradakı gəmi nəqliyyatını gücləndirə bilərik".
Onun sözlərinə görə, Qırmızı Körpü keçid məntəqəsində də yüklərin nəqlində geçikmələr yaşanır: "Türk yük maşınları da gömrükdə vahid pəncərə sisteminə keçməlidir".
A.H.Gürdoğan bildirib ki, hazırda Çin Avropaya yüklərin daşınması üçün yeni ipəkyolu dəhlizinin yaradılması üçün çalışır: "Türkiyə və Azərbaycan olaraq, biz bu dəhlizin ortasında olmalıyıq. Şərqi və Qərbi birləşdirən dəhliz bizim torpaqlarımızdan keçməlidir".