Aydın Hüseynov: "Neftdən əldə olunan gəlir infrastrukturların, böyük gəlir gətirəcək sahələrin yaradılmasına yönəldildi"
"Bu gün mənfəət neftinin 75 faizi Azərbaycana qalır". Bunu Prezident İlham Əliyev Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışı zamanı məktəbin müəllim və tələbələri, Dövlət Neft Şirkətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısının sözlərinə görə, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir: "Mən və Xoşbəxt müəllim yaxşı xatırlayırıq ki, bu kontraktın ərsəyə gəlməsi nə qədər çətin idi. Ulu öndər o vaxt bizi Neft Şirkətinin nümayəndələri kimi Hyustona ezam etmişdi. Biz orada bir aydan çox danışıqlar aparmışdıq və çalışırdıq ki, Azərbaycan dövlətinin maraqlarını tam müdafiə edək. Hesab edirəm ki, buna nail ola bildik. Gərgin, bəzi hallarda çox çətin şəraitdə keçən, bəzi hallarda qarşıdurmalara gətirib çıxaran danışıqlarda Azərbaycan çox böyük uğurlara nail ola bilib və bunun nəticəsində bu gün mənfəət neftinin 75 faizi Azərbaycana qalır. Baxmayaraq ki, "Əsrin kontraktı"nın bütün investisiyaları xarici şirkətlər tərəfindən qoyulmuşdur və digər bir çox önəmli məsələlər burada öz əksini tapmışdır".
Əvvəllər bəziləri müxtəlif fərziyələrlə çıxış edirdilər ki, guya "Əsrin kontraktı"ndakı şərtlər Azərbaycanın xeyrinə deyil. Mənfəət neftindən əldə olunan gəlirin böyük hissəsi xarici neft şirkətlərinə qalır. Ancaq ölkə başçısı sadaladığı konkret rəqəmlərlə bütün bunların əsassız olduğunu sübut etdi. Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən millət vəkili Aydın Hüseynovun sözlərinə görə, o dövrdə Heydər Əliyevin çox böyük qətiyyəti sayəsində "Əsrin kontraktı" imzalandı: "Bunun nəticəsində neft-qaz sektoruna böyük həcmdə investisiya qoyuldu. Eyni zamanda, həmin dövrdə müqavilə elə bağlandı ki, getdikcə Azərbaycanın payı artırdı. İndi isə mənfəət neftindən əldə olunan gəlirin 75 faizi Azərbaycana məxsusdur. Bu o deməkdir ki, biz sözügedən sazişdən hədsiz dərəcədə bəhrələnə bilmişik. Nə mənada? İlkin olaraq heç bir investisiya qoymadan, xərc çəkmədən biz bu layihənin başa gəlməsinə nail olduq. Bunun nəticəsində milyardlarla vəsait ölkəyə daxil oldu. Həmin vəsait milli iqtisadiyyatın inkişafına yönəldildi. İnfrastrukturların, böyük gəlir gətirəcək sahələrin yaradılmasına yönəldildi. Ən başlıcası isə, neftdən əldə olunan gəlir insan kapitalına yönəldildi. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edərək regionda lider mövqeyinə sahib oldu".
Vidadi ORDAHALLI