Aprelin 10-dan Bakı yeni bir ovqat üstə köklənib. Paytaxtımızın hər yerində bir bayram əhvalı, qələbəlik müşahidə edilir. Uzun illərdir müxtəlif ictimai-siyasi, mədəni, idman tədbirlərinə layiqincə ev sahibliyi edən şəhərimiz bu dəfə qapılarını "Baku Shopping Festival"a (Bakı Ticarət Festivalı) açıb.
Qeyd edək ki, festivalla əlaqədar paytaxtımızda hər addımda müxtəlif xarici ölkələrdən gələn turistlərlə görüşürük.
Onu da vurğulayaq ki, dünyaya yeni dəb hadisəsi təqdim edən "Baku Shopping Festival" beynəlxalq festival kimi diqqəti cəlb edir. Bu il ilk dəfə keçiriləcək "Baku Shopping Festival" alış-veriş, əyləncə, moda və mədəniyyət sahələrini əhatə edir. Onu da nəzərinizə çatdıraq ki, festival çərçivəsində şəhərin çoxsaylı ticarət mərkəzləri qonaqlara xüsusi endirimlər təklif edir, müvəqqəti ticarət məkanlarında isə Azərbaycanın və bir sıra xarici ölkələrin brend ticarət nişanları geniş miqyasda təmsil olunur.
Məlumatlara görə, eyni zamanda alıcılar üçün müxtəlif əyləncəli proqramlar - konsertlər, sərgi-yarmarkalar, musiqili axşamlar, təmtəraqlı mərasimlər və dəfilələr təşkil olunur. Onu da bildirək ki, festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələri ilə tanışlıq imkanı yaradılıb. Festivala dəblə maraqlanan, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatılmaq imkanı əldə edib.
Artıq 9 gündür başlayan festivalda "Tax free" sistemi də maraq doğurur. Şəhərimizin iri ticarət mərkəzlərində "Tax free" sistemi işlək vəziyyətdədir və alıcılar bundan yararlana bilir.
Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza bu festivalla bağlı müsbət fikirlər açıqlayıb: "Bakıda Şoppinq Festivalının keçirildiyini eşitmək çox xoşdur. Məncə, festival boyu "Tax free" sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb".
M.Brayza vurğulayıb ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın əhəmiyyəti danılmazdır: "İrandan və bəzi ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb Azərbaycana gələn turistlərin sayı artacaq".
"Baku Shopping Festival" çərçivəsində paytaxtımızın ayrı-ayrı ticarət mərkəzlərində, eləcə də İçəri Şəhər və Sabir bağında, Fəvvarələr meydanında xüsusi aksiyalar keçirilir, sərgilər, əyləncələr, satış-yarmarkalar təşkil olunub.
Onu da vurğulayaq ki, mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncama uyğun olaraq keçirilir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.
"Baku Shopping Festival" paytaxtımıza turist axınına necə təsir edəcək?
"Gənclik Mall"da...
Bakıya gələn turistlərin sayı haqqında hazırda ilkin olaraq hər hansı bir rəqəm söyləmək çətindir. Çünki onlar gəlməkdə davam edir. Turistləri şəhərimizdə yerləşən "Gənclik Mall" ticarət mərkəzində də gördük. "Gənclik Mall"da olarkən onlarla sıx-sıx rastlaşdıq. Ticarət mərkəzində yerləşən mağazaların əməkdaşları bildirdi ki, festival başlayandan bura gələnlərin sayında xeyli artım müşahidə olunur. Onların verdiyi məlumata görə, turistlər əsasən günorta saatlarında və axşam vaxtı ticarət mərkəzinə gəlir, alış-veriş edir, əylənirlər. Burada onların istirahəti, alış-verişi üçün geniş imkan yaradıldığını deyən ticarət mərkəzi əməkdaşları bizimlə söhbətdə qeyd etdilər ki, "Tax free" sisteminin tətbiqi turistləri daha çox cəlb edir. Onların dediyinə görə, 100 manatlıq alver edən istənilən müştəriyə digər mallar endirimlə təklif edilir. "Tax free" sisteminin endirimlərin daha geniş miqyas almasına dayaq olduğunu bildirən ticarət mərkəzi əməkdaşları dedilər ki, onlar müştərilərə yüksək səviyyədə xidmət göstərir.
Bu festivalın paytaxta turist cəlb etdiyini deyən mərkəz əməkdaşlarının bildirdiyinə görə, hələ festivalın bitməsinə 21 gün var və daha çox turistin gələcəyi gözlənir.
Bu ticarət mərkəzində diqqətimizi ən çox iranlı turistlər cəlb etdi. Ailəvi şəkildə festivalın yaratdığı imkanlardan istifadə edən iranlı turistlər bildirir ki, Bakı bütün mənalarda onlar üçün maraqlıdır. Burada geniş alış-veriş imkanlarının olduğunu deyən turistlər qiymətlərin münasib olduğunu bildirdilər. Onlar onu da dedilər ki, İrandan hər gün Bakıya onlarla turist gəlir və gələnlər şəhərimizin gözəlliyindən zövq alır, insanların qonaqpərvərliyindən məmnun qalırlar.
"28 Mall"dan təəssüratlarımız...
Sözügedən ticarət mərkəzində də olduq. Mərkəzin məlumat mərkəzindən bildirdilər ki, burada fəaliyyət göstərən mağazaların böyük əksəriyyəti festivala qatılıb, bəziləri isə qeydiyyatdan keçəcəyi vaxtı gözləyir.
Məlumat mərkəzindən onu da bildirdilər ki, ƏDV-nin qaytarılması məqsədilə "28 Mall" və ticarət mərkəzində xüsusi köşklər qurulub. Məlumat verildi ki, festival yüksək səviyyədə təşkil olunub və səmərəli xidmət göstərilir. Bunun da turistlərin sayının artımına böyük təkan verdiyini deyən ticarət mərkəzi əməkdaşlarının sözlərinə görə, turistlər burada istədikləri kimi əylənə bilir, alış-veriş edir.
Bakı Ticarət Festivalı ümumilikdə ölkəyə həm iqtisadi, həm də imic baxımından dividendlər gətirir.
"28 Mall"da diqqətimizi müxtəlif ölkələrdən gələn turistlər cəlb etdi. Burada ərəb və iranlı turistlər çoxluq təşkil edirdi. Turistlərlə söhbətimiz zamanı onlar dedilər ki, bu festivala böyük əhəmiyyət verdikləri üçün bura qatılıblar. Qiymətlərin münasib olduğunu və hər cür şərait yaradıldığını nəzərə çatdıran turistlər ailəvi olaraq bu festivaldan bəhrələnə bilir. Turistləri razı salan məqamlardan biri xüsusi köşklərin önünə müxtəlif dillərdə yazılan məlumatlardır. Köşklərin qarşısına bir neçə dildə məlumat yazılıb. Bu onların burada istədiklərini tapmasına yardım göstərir.
Şəhərimizə vurğun olan qazaxıstanlı turistlər...
İçəri Şəhərdə olarkən orada qazaxıstanlı, ukraynalı və ərəb turistləri ilə tanış olduq. Onlar paytaxtımızda keçirilən festivala qatıldıqlarını bildirdilər.
Tanış olduğumuz qazaxıstanlı turistlər Larisa Xakimova və rəfiqəsi Tatyana Smaqulova Bakıya heyran oluqlarını gizlətmədilər. Larisa xanım dedi ki, Bakı çox füsünkardır və hər il olduğu kimi, bu il də Qazaxıstandan Bakıya xeyli sayda turist gəlib. Rəfiqələr ixtisasca maliyyəçidir, öz ölkələrində bank sistemində çalışırlar. Onlar budəfəki məzuniyyətini "Baku Shopping Festival"a qatılmaqla daha şən, ovqatlı keçirmək istəyir.
L.Xakimova: "Sizin şəhər o qədər xoşuma gəldi ki... İnanıram ki, istirahətimiz uğurlu keçəcək. Bakı çox gözəldir.
Festival şəhərinizi daha da maraqlı edir. Biz hər il məzuniyyətimizi bir ölkədə keçiririk. Bu dəfə Azərbaycanı seçdik. Sizin şəhərdə xeyli turist var. Amma deyərdim ki, bizdə heç bu qədər turist yoxdur. Sizdə İslam Oyunları da keçiriləcək, "Formula-1" yarışı da olacaq. Bunların hamısını yaxından izləmək bizim üçün çox xoş olardı. Bakı bu gün dünyanın ən çox turist cəlb edən şəhərlərindən biridir".
Tatyana Smaqulova isə bildirdi ki, o, Bakıda dəfələrlə olub və hər dəfə də böyük təəssüratla Almatıya qayıdıb: "Bakıda bir neçə dəfə olmuşam. Hər dəfə bura gələndə çox böyük inkişafın, dəyişikliklərin şahidi oluram. Hətta bəzən küçələri tanımıram. Yəni o qədər yaxşı mənada dəyişikliklər var. Biz bura turist kimi gəlmişik. Festivala qatılırıq. Bir neçə ticarət mərkəzində olmuşuq, alış-veriş etmişik. Bakıya çoxlu turist gəlib. Çoxu da bizim kimi şoppinq festivalında iştirak etmək üçün təşrif gətirib. Mənə elə gəlir ki, bu festival sizin ölkəyə bütün mənalarda xeyir gətirəcək. Turist axınının güclənməsi üçün bu cür tədbirlər vacibdir. Hələ festivalın bitməsinə xeyli vaxt var və düşünürəm ki, yenə turistlər gələcək. İçəri Şəhəriniz çox gözəldir. Bura qeyri-adidir. Hər addımda özümüz kimi turistlərə rast gəlirik, tanış oluruq, dostlaşırıq. Bu festival həm də insanları dostlaşdırır. Müxtəlif ölkələrdən gələn, ayrı-ayrı dinlərə, irqə mənsub insanlar burada dostlaşır. Xeyirxahlığına və səmimiyyətinə görə sağ ol, Bakı!"
"İnternetdən oxudum ki, Bakıda festival keçirilir"
Kiyevli Tamara İvanova ilə də tanışlığımız İçəri Şəhərdə baş tutdu. Tamara xanım da festivalda iştirak etməyə gəlib. Paytaxtımıza bir həftəlik gələn kiyevli qonaq dedi ki, onunla birgə Bakıya bir neçə turist də təşrif buyurub. Şəhərimizdən hədsiz xoşu gəldiyini deyən qonaq bildirdi ki, buradakı bayram əhvalı ona böyük stimul verib: "İnternetdən oxudum ki, Bakıda festival keçirilir. Bir həftəlik gəldim. Bura çox xoşuma gəlir. Artıq bir neçə ticarət mərkəzində olmuşam. Bəzi şeylər almışam, yenə də alacağam. Belə festival kaş ki, bizim paytaxtda da keçirilsin. Burada endirimlər var, istədiyini ala bilirsən. Bizdə çox bahalıqdır. Şəhərinizi çox sevdim".
Tamara xanım Qız qalasını ziyarət etmək istəyirdi. Onu Qız qalasına ötürüb digər turistlərlə də ünsiyyət qurmağa tələsdim. Deyim ki, dünən Qız qalasına giriş pulsuz idi və turistlər bundan da yararlana bildilər.
İçəri Şəhərdə rastlaşdığım ərəblərlə də söhbətimiz alındı. Muhammed, Abdullah və Turki adlı ərəb turistlər də festivala qatılmaq üçün Bakıya gəldiklərini bildirdilər. Burada olduqları müddətdə böyük qonaqpərvərlik, səmimiyyət gördüklərini deyən ərəblər qeyd etdilər ki, festivalda iştirak etmək üçün böyük bir qrupla gəliblər.
Ərəb turistlərin paytaxtımıza böyük maraq göstərdiyini deyən həmsöhbətlərimiz vurğuladılar ki, 10 gündür müxtəlif əyləncə yerlərində, ticarət mərkəzlərində olurlar.
Sabir bağında da festival ovqatı yaşanır. Bağın bir neçə görkəmli guşəsində reklam lövhələri vurulub. Xüsusi səhnəcik quraşdırılıb. Festival çərçivəsində burada xalq sənətkarlığı nümunələrinin satış-sərgisi təşkil edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, "Azerbaijan Convention Bureau"nun təşkilatçılığı və "AzərTAc"ın media tərəfdaşlığı ilə təşkil edilən festival çərçivəsində təşkil edilən sərgi-yarmarkada Azərbaycanın xalq sənəti nümunələrinin təqdim edilməsi diqqətçəkən hadisədir.
"Son günlər daha çox turist gəlir"
Ağacoyma sənəti ilə məşğul olan rəssam Təranə Əsədova bizimlə söhbətində bildirdi ki, son günlər şəhərimizə gələn turistlərin sayı həddindən artıq çoxalıb: "Bu sərgi festival çərçivəsində təşkil edilib. Bu çox müsbət haldır. Təşkilatçılara təşəkkürümüzü bildiririk. "Baku Shopping Festival"ın keçirilməsi ölkəmizin imicinə böyük təsir edir. Paytaxtımıza turist axınını gücləndirir. Son günlər daha çox turist gəlir. Bunun bizim işimizə də böyük xeyri var. Əl işlərimizi satırıq. Bizim əl işlərimizə heyrətlə baxırlar. Bu festivalın faydasından biri də xalq sənəti nümunələrimizin təbliğidir. Onlar gəlib buradan əsl əl işi alır. Bu da onların Çin malına marağını azaldır. Görürsünüz ki, milli musiqi alətlərimiz, milli suvenirlərimiz sərgidə üstünlük təşkil edir. Turistlər bizim mədəniyyətlə çox maraqlanır".
Rəssamlar İttifaqının üzvü Xuraman Səfərova muncuqlarla müxtəlif maraqlı əl işləri hazırlayır. Sərgiyə qatılan X.Səfərova bildirdi ki, festivalın keçirilməsi rəssamlara da böyük xeyir verir: "Festivalın keçirilməsi paytaxta turist axınını gücləndirir. Turistlərin sayı günü-gündən artır. Biz hər gün onlarla ünsiyyətdə oluruq. Əl işlərimizi alırlar. Bu festivalın faydası çox böyükdür. Yəqin ki, bu festival ənənəvi olacaq".
İradə SARIYEVA