Aydın Hüseynov: "Azərbaycan şərablarının dünya bazarına çıxarılması ilə bağlı müəyyən addımlar atılır"
Məlumatlara görə, bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə 5.727 mln. ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,215 mln. dollar və yaxud 2,3 dəfə çoxdur. Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2 %-ni təşkil edib.
3 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 10,311 mln. dollar olub. Bu isə 1 il əvvələ nisbətən 4,18 mln. dollar və yaxud 68,2 % çoxdur.
Bu məhsulların idxalı ölkənin ümumi idxalında 0,7 %-lik paya malik olub.
Spirtli və spirtsiz içki ixracının artması barədə fikir bildirən millət vəkili Aydın Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, ölkə başçısı İlham Əliyevin birbaşa tapşırığı və müəyyənləşdirdiyi İqtisadi Strategiyanın məqsədi ölkənin rəqabətyönlü məhsullarla dünya bazarına çıxmasıdır: "Bəllidir ki, üzümçülük ənənəvi sahə olub. Eyni zamanda, üzümdən alınan məhsullar sovet dönəmində belə Rusiya bazarına ixrac olunurdu. O vaxtlar bizim brend şərablarımız bir sıra ölkələrə ixrac olunurdu. Son zamanlar üzümçülük sahəsinin geriləməsi ilə biz xeyli bazarları itirdik. İndi üzümçülüyün inkişafı ilə əlaqədar olaraq Azərbaycan şərablarının dünya bazarına çıxarılması ilə bağlı müəyyən addımlar atılır. Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması istiqamətində Azərbaycan ticarət mərkəzləri təbliğat-təşviqat işləri aparır. Bu sahədə sahibkarlara xeyli güzəştlər verildi, onlar ixrac əməliyyatını aparmaq üçün bir çox vergidən azad olundu. Təbii ki, bu hal şərabçılığın inkişafına öz müsbət töhfəsini verir".
Millət vəkilinin sözlərinə görə, üzümçülüyün inkişafı ilə bağlı sahibkarlara maddi dəstəyin verilməsi bu sahəyə öz təsirini göstərir: "Həmçinin, onu da qeyd etmək lazımdır ki, qanunvericilik bazasına dəyişiklik olunması, vergi və gömrük məcəllələrində yumşaldıcı təsirlər kimi amillər Azərbaycan məhsulunun xarici bazara çıxmasına şərait yaradır".
Günel CƏLİLOVA