Rusiyanın “Qazprom” şirkətinin Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz nəql etmək planları Azərbaycan qazının Avropaya ixracına təsir etməyəcək. Bunu Trend-ə TAP-ın kommunikasiya şöbəsinin rəhbəri Liza Givert deyib.
Onun sözlərinə görə, TAP Azərbaycan qazının 25 il müddətinə Avropaya nəqli üzrə öhədlik götürüb.
O deyib: “TAP “Şahdəniz-2” yatağından hasil olunan qazın nəql olunmasının tərəfdarıdır. İlkin olaraq ildə 10 milyard kubmetr qaz Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql olunacaq. TAP Cənub-Şərqi Avropaya qaz tədarükünün diversifikasiyası baxımından Avropa üçün strateji əhəmiyyət daşıyır”.
Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin səhmdarı olan İtaliyanın "Snam" şirkəti "Qazprom" konserninin TAP-a qoşulması niyyətini dəstəkləyib. "APA-Economics"in "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, İtaliya şirkəti hesab edir ki, "Qazprom"un layihəyə qoşulması TAP-ın ötürücülük qabiliyyəti ikiqat artıra bilər.
Ötən gün "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Vyanada keçirilən konfransda bildirib ki, Rusiyanın dövlət şirkəti TAP və "Poseidon" (Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən interkonnektor - red.) kəmərləri vasitəsilə Avropaya qaz nəql etməyi nəzərdən keçirir.
Şirkət rəsmisi deyib ki, Avropanın qaza olan tələbatını ödəmək üçün "Nord Stream 2" və "Türk axını" layihələri yetərli olmaya bilər: "Buna görə, biz Cənubi Avropadan olan tərəfdaşlarımızla danışıqlar aparırıq. Danışıqların predmeti "Poseidon" və TAR layihələrindən istifadədir".
Bunun ardınca top-menecer əlavə edib ki, hazırda "Qazprom"un TAP-a qoşulması ilə bağlı konkret təklif irəli sürülməyib.
"Snam" şirkətinin vitse-prezidenti Federiko Ermoli isə "İnterfax" agentliyinə açıqlamasında bildirib ki, "Qazprom" TAP-a qoşularsa, kəmərin ötürücülük qabiliyyəti ikiqat artacaq: "Kiçik investisiya hesabına biz kəmərin ötürücülük qabiliyyətini 20 mlrd. kubmetrədək artıra bilərik. Bu, "Poseidon" layihəsinin genişləndirilməsindən daha ucuz başa gələr. TAP-ın hesabına Rusiya qazı İtaliya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana nəql oluna bilər".
"Fluxys" şirkətinin rəhbəri Paskal de Byuk də "Qazprom"un TAP-a qoşulmasını dəstəkləyib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.
TAP layihəsinin səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir.