"Qlobal iqtisadi böhran, neftin ucuzlaşması, o cümlədən manatın devalvasiyası ötən il Azərbaycanın ixracına təsir edib". "APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
DGK sədri deyib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, ötən il Azərbaycan 180 ölkə ilə ticarət həyata keçirib: "Düzdür, xarici ticarətimizin dövriyyəsi kəskin enib. 2015-ci ildə ixracımız 12,729 mlrd. dollar olduğu halda, ötən ilin yekununda bu rəqəm 9,143 mlrd. dollar təşkil edib. Bununla yanaşı, 2016-cı ilin əvvəlinə 9,216 mlrd. dollarlıq idxal əməliyyatı aparılmışdırsa, bu ilin əvvəlinə bu göstərici 8,523 mlrd. manata enib. Bildiyiniz kimi, DGK-nin əsas vergitutma bazası idxal əməliyyatlarına aiddir".
Komitə sədri əlavə edib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, qurum proqnoz tapşırığını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirib: "Ötən ilin proqnoz tapşırığı 1,81 mlrd. manat idi. Biz proqnozu 26%-dən yuxarı rəqəmlə yerinə yetirmişik".
"Hər zaman olduğu kimi, 2016-cı ildə də Dövlət Gömrük Komitəsi nizam-intizama xüsusi diqqət yetirib" – deyə A.Əliyev bildirib.
Onun sözlərinə görə, ötən il 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub: "Onlardan 84 nəfəri işdən azad olunub. Bunların arasında öz ərizəsi ilə işdən azad olunanlar da var. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi göndərilib. Onlar barəsində araşdırmalar davam etdirilir".
A. Əliyev DGK sıralarında müşahidə olunan kadr çatışmazlığına da toxunub. "Bu gün Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrində və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində kadr çatışmazlığı problemi mövcuddur", - deyə o bildirib.