ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb. "APA-Economics" xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,5-0,75% artırıb.
Bundan başqa Federal Ehtiyatlar Sisteminin Açıq Bazar Əməliyyatları üzrə Komitəsi 2017-ci ildə uçot dərəcəsinin üç dəfə artacağını bəyan edib. Bunu kiçik tənzimləmə kimi adlandıran Federal Ehtiyatlar Sisteminin rəhbəri Canet Yellen bildirib ki, artıma səbəb iş yerlərinin çoxalması, inflyasiya göstəriciləri və yeni ABŞ administrasiyasının siyasəti səbəb olacaq.
C.Yellen bəyan edib ki, FED uçot dərəcəsinin artırılması ilə bağlı bazarlarda hər hansı sarsıntı gözləmir. “Uçot dərəcəsinin artırılmasına dair qərar iqtisadiyyatda tərəqqini əks etdirir. Onun bazar kurslarına təsiri yalnız cüzi ola bilər”, deyə C.Yellen bildirib.
FED-in uçot dərəcəsini artırması dünya neft bazarına da təsir edib. ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 54 dollardan aşağı düşüb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,08% azalaraq 51,35 dollar təşkil edib.
Qeyd edək ki, sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.
Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.
Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.