OPEK-ə qeyri üzv olan 14 ölkədən cəmi beşi dekabrın 10-da Vyanada neft hasilatının sutkalıq həcminin azaldılmasını müzakirə etməyə razıdır. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, OPEK-ə qeyri üzv olan 14 ölkədən yalnız Rusiya, Azərbaycan, Oman, Qazaxıstan və Meksika danışıqlarda iştirak etməyə razılıq verib.
Digər mənbə agentliyə bildirib ki, OPEK-ə üzv olmayan ölkələr, böyük ehtimalla, sutkalıq hasilat həcmini əvvəlcədən nəzərdə tutulan 600 min barel yox, 500 min barelədək azaltmağa razılaşacaqlar.
Rusiya nümayəndə heyətindəki mənbə “TASS”a OPEK-ə qeyri üzv olan ölkələrin görüşünü təxirə salınacağını istisna etməyib: “OPEK-ə üzv olan ölkələrin özlərinin daxilində neft hasilatının azaldılmasına dair ciddi fikir ayrılıqları mövcuddur”.
“Neft bazarının stabilləşməsinə dair noyabrda əldə olunan razılaşmasının icrasını təmin etmək üçün OPEK-ə üzv olan ölkələr birgə çalışmalıdırlar”. Bunu isə İran prezidenti Həsən Ruhani deyib.
“OPEK-ə üzv və qeyri-üzv ölkələrin sıx əməkdaşlığı neftin qiymətinin stabilləşməsi və qalxması üçün əsas şərtdir”, - deyə Ruhani venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı bildirib.
“Mən, Əlcəzair və Vyanadakı görüşlərdə əldə edilən razılaşmaların şərtlərinin icrası üçün zəmin yaradacam”, - deyə o əlavə edib.
Qeyd edək ki, OPEK noyabrın 30-da neft hasilatının sutkalıq həcminin, ümumilikdə, 32,5 mln. barel azaldılmasına dair razılıq edib.
Dekabrın 14-də isə Vyanada OPEK-ə qeyri üzv ölkələrin görüşü nəzərdə tutulub. Görüşə Azərbaycan da daxil olmaqla, 14 ölkə dəvət alıb.