Azərbaycanda mənzil-kommunal sektorunun özəlləşdirilməsi təklif olunub. Bu təkliflə bu gün parlamentdə 2017-ci il və növbəti üç il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyasının müzakirələri zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
“Mən başa düşmürəm, niyə indiyə qədər bu sektoru özəlləşdirməmişik?”
Millət vəkili “Azərenerji”, “Azəriqaz” və “Azəristiliktəchizat”ın özəlləşdirilməsinin vacibliyini vurğulayıb.
Maliyyə naziri Samir Şərifov mənzil-kommunal sektorunun özəlləşdirilməsinin mümkünlüyünü deyib. "APA-Economics" xəbər verir ki, S. Şərifov büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclərin o qədər də yüksək olmadığını deyib: "Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır. Həmin istismar xidmətlərin göstərilməsini hər hansı bir özəl şirkətlərə verilə bilər. Hər hansı bir küçənin süpürülməsi ilə bağlı bir şirkətlə müqavilə bağlanılsa, siz həmin şirkətə pul ödəməli olacaqsınız. Şəhərlərin, rayonların işıqlandırılması xərcləri, bütün bu xərclər həmin bu maddə üzrə maliyyələşdirilir. Ona görə də, mən hesab edirəm ki, bu xərclərin ixtisar edilməsi çətin olar".