Avqustun 11-də Çin çox ciddi nəzarətdə saxlanan valyutasını devalvasiya edib. Bu, son on ildə yuanın bir gün ərzində baş verən ən ciddi devalvasiyasıdır.
Mərkəzi Bank bildirib ki, məqsəd dövlətin nəzarətində olan məzənnəni bazaryönümlü etməkdir. Son aylar ərzində yuan dollarla yanaşı güclənib və nəticədə Çindən ixrac bahalanıb. Bu da milyonlarla insanın iş yeri olan sənaye sahələrində iş yerlərinin itirilməsi risqi yaradıb.
«Associated Press» agentliyi yazır ki, Çin Xalq Bankı çərşənbə axşamı yuanın kursunu bir gün əvvəlkinə baxanda 1.9 faiz az müəyyənləşdirib. Bank bildirib ki, gələcəkdə bazar qüvvələrinə daha böyük rol veriləcək.
Bankın məlumatına görə, bazar yuanın düşməli olduğunu göstərdiyi bir halda o, qalxmaqda davam edib. Əslində səbəb yuanın məzənnəsinə təsir edən ABŞ dollarının qalxmasıdır. Eyni zamanda digər ölkələrin valyutaları düşür deyə, çinli ixracatçılar ziyana düşür, belə ki, onların malları xaricdə bahalanır. İyulda Çinin ixracı 8.3 faiz düşüb.
AP yazır ki, daha zəif yuan Çindən ixracın rəqabətliliyini artıracaq və ABŞ istehsalçılarının şikayətlərinə səbəb olacaq. Ancaq bir tərəfdən də mərkəzi bank məzənnə sistemini bazaryönümlü etmək istədiyini deyir. Vaşinqton da Pekinə buna görə təzyiq göstərirdi.
Bəs devalvasiya Çin ixracatçılarına kömək edəcəkmi? Əslində digər böyük valyutaların dəyərindəki ucuzlaşmaya baxanda, yuanın ABŞ dollarına nisbətən iki faizdən də az düşməsi böyük rəqəm deyil.
Ancaq istənilən azalma ixracatçılara köməkdir. Mərkəzi bank bu dəyişikliyin bir dəfə edildiyini deyir. Amma bazar qüvvələrinə daha böyük rolun veriləcəyi vədi gələcəkdə də enmələrin baş verəcəyinə ümid yaradır. İstənilən düşüş ixracatçılara qiymət təzyiqini yüngülləşdirə bilər.