NATO-nun Ankarada keçirilən 36-cı Dövlət və Hökumət Başçıları Sammitinin yekun Bəyannaməsi dərc edilib. NATO liderləri Ankara sammitinin yekun bəyannaməsində Rusiyanın Avro-Atlantik birlik üçün "uzunmüddətli təhdid yaratdığını" bildiriblər.
Müttəfiqlər 50 milyard dollardan çox dəyərdə yeni müdafiə müqavilələrinin imzalandığını elan ediblər:
“NATO Nizamnaməsinin 5-ci maddəsinə (kollektiv müdafiə - red.) və müdafiə istehsalının həcminin artırılmasına “sarsılmaz sadiqlik” vurğulanır.
Bir müttəfiqə hücum bütün müttəfiqlərə hücum deməkdir. Birliyimiz, həmrəyliyimiz və kollektiv gücümüz azad və demokratik ölkələrdən ibarət Alyansımızın milyardlarla vətəndaşı üçün sülhün, təhlükəsizliyin və rifahın təməli olaraq qalır. Biz çəkindirmə və müdafiəyə hərtərəfli yanaşmaya sadiq qalırıq.
İnvestisiyalar NATO ölkələrinin müdafiə imkanlarını gücləndirir. Müttəfiqlər arasında müdafiə ticarəti yolunda maneələrin aradan qaldırılmasına dair səylərimizi davam etdirəcək, müdafiə sahəsində əməkdaşlığı maksimum dərəcədə inkişaf etdirmək və genişləndirmək üçün NATO çərçivəsində tərəfdaşlıq münasibətlərimizdən istifadə edəcəyik.
NATO-nun çəkindirmə potensialı kosmik və kiber elementlər tərəfindən dəstəklənən nüvə, ənənəvi və raketdən müdafiə imkanlarının kombinasiyasına əsaslanır”.
Yekun Bəyannamədə Ukrayna və İrana xüsusi diqqət yetirilib. Alyans ölkələri 2027-ci ildə Ukraynanı 2026-cı ildəki səviyyədə dəstəkləməyi öhdələrinə götürürlər. Lakin NATO bəyannaməsində Ukraynanı qəbul etmək öhdəliyindən heç bir söz yoxdur: “Ukrayna transatlantik təhlükəsizliyə töhfə verir. NATO müttəfiqləri Ukraynanın öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəklədiklərini vurğulayırlar.
Müttəfiqlər bu il Ukraynaya 70 milyard avroluq hərbi avadanlıq, yardım və təlim dəstəyi verməyi öhdələrinə götürürlər”.
NATO ölkələri bir daha bəyan ediblər ki, İran heç vaxt nüvə silahına malik olmamalıdır və Tehranı “Hörmüz boğazında gəmiçilik azadlığına tam mənada hörmət etməyə” çağırıblar.
NATO-nun yekun bəyanatında növbəti sammitin tarixi və yeri barədə heç bir məlumat verilmir.
ZÜMRÜD