Ankarada keçirilən NATO-nun 36-cı zirvə görüşü alyansın gələcək taleyi, transatlantik təhlükəsizlik sisteminin yeni konturları və təşkilat daxilində dəyişən güc balansı baxımından dönüş nöqtəsinə çevrildi. Sammitdən əvvəl NATO-nun gələcəyi ilə bağlı kifayət qədər ciddi suallar vardı.
ABŞ-da Donald Tramp faktorunun yenidən güclənməsi, Vaşinqtonun Avropanın təhlükəsizliyi üçün əvvəlki həcmdə məsuliyyət daşımaq istəməməsi, müdafiə xərcləri ətrafında sərtləşən mübahisələr və Trampın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik alyans daxilində gərginliyi artırmışdı. Hətta bəzi ekspertlər NATO-nun daha da zəifləyəcəyini, bəziləri isə dərin parçalanma riski ilə üz-üzə qala biləcəyini istisna etmirdilər. Digərləri isə fərqli düşünürdülər. Onlar NATO zirvəsindən qabaq bəyan edirdilər ki, bu zirvə ən güclü NATO-nun əsasını qoyacaq. Qoya bildimi? Zirvənin yekunları nə qədər keyfiyyətli sayıla bilər? Daha güclü bir NATO-nun təməli atıldımı?
Arzuxan Əlizadə: “Güclü NATO-nun əsasının qoyulduğunu düşünmək hələ tezdir”
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin fikrincə, Ankara zirvəsində ən güclü NATO-nun əsasının qoyulduğunu düşünmək doğru olmaz: “Ankara zirvəsi daha çox siyasi sabitləşdirici kimi yadda qaldı. Tramp yenə üzv ölkələri alyansa az vəsait ayırmağa görə tənqid etdi. Xüsusən İspaniyanın ünvanına çox sərt fikirlər səsləndirdi. Düzdür, İspaniya ilə bağlı tənqidlərin kökü fərqli idi, amma nəzərə almaq lazımdır ki, bu ölkə Alyansın üzvüdür. Alyans daxilində əsas problem ABŞ-la Avropa arasında təhlükəsizlik yükünün bölgüsü məsələsi idi. Tramp faktorunun yenidən ön plana çıxması isə bu təzyiqi daha da artırdı. Bu dəfəki zirvədə Türkiyənin NATO-da çəkisi daha ön plana keçdi. Çünki Türkiyə blokda ikinci böyük və güclü orduya malik ölkədir. Tramp məhz Türkiyəyə və Ərdoğana görə sammitə gəldi. Ümumilikdə, bu sammit göstərdi ki, alyans daxilində böhran hələ bitməyib. Avropa dövlətləri NATO ilə bağlı Trampdan narazıdır, amma müxtəlif səbəblərdən bunu açıq bəyan etməkdən çəkinirlər. O baxımdan güclü NATO-nun əsasısının qoyulduğunu düşünmək hələ tezdir. Baxmayaraq ki, Ukraynaya yardım, Rusiya təhdidi ilə bağlı vahid mövqe sərgiləndi”.
Ramil Hüseynov: “Ankara zirvəsindən sonra blok daha da güclənəcək”
“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov isə məsələyə fərqli prizmadan yanaşdı: “Ən azından ona görə ki, NATO üzvləri Rusiya təhlükəsinə qarşı vahid mövqedən çıxış etmək iradəsini ortaya qoydular. Ukraynaya hərbi yardımın edilməsi ilə bağlı sərgilənən mövqe blokun yenidən güclənməyə doğru getməsindən xəbər verir. Ən başlıca məqam ondan ibarətdir ki, sammit çərçivəsində NATO müttəfiqləri və müdafiə sənayesi şirkətləri arasında ümumi dəyəri 50 milyard dollar olan geniş razılaşma və investisiya paketinin elan olunması barədə razılığa gəldilər. Paketə hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatlarına qarşı həllər, birgə istehsal layihələri, strateji nəqliyyat imkanları və qabaqcıl texnologiya investisiyaları daxil edildi. Xüsusilə dron təhdidinə qarşı 40 milyard dollarlıq investisiya proqramı önəmli razılaşmalardan biri idi. Bəli, blok daxilində bir sıra fikir ayrılıqları var. Ancaq bu, zəifləmə və blokun dağılmasına gətirib çıxarmadı. Ona görə də, Ankara zirvəsindən sonra blok daha da güclənəcək”
Vidadi ORDAHALLI