Qərb kəşfiyyat mənbələrinin məlumatına görə, Rusiya Avropa silah zavodlarına hücum dalğası başladıb. “The Telegraph” yazır ki, Kreml NATO-nun qətiyyətini sınamaq üçün müdafiə obyektlərini sabotaj etmək üçün yerli dəstə üzvlərindən istifadə edir.
Kəşfiyyat rəsmiləri hesab edir ki, hücumlar NATO-nun qarşılıqlı müdafiə bəndi olan 5-ci maddənin işə düşməməsi üçün diqqətlə planlaşdırılıb.
Qeyd edilir ki, Bu həftə Latviya, qonşu Estoniyada dron istehsalı zavodunu yandırmaqda şübhəli bilinən üç vətəndaşını saxlayıb. Avqustun 15-də isə Ukraynaya silah tədarük edən Tallində yerləşən Milrem Robotics şirkətinə məxsus bina yandırılıb. Şirkət Ukrayna silahlı qüvvələri üçün pilotsuz yerüstü nəqliyyat vasitələrinin iki xarici təchizatçısından biridir.
Estoniyadakı yanğından əlavə, təkcə bu ay İtaliya və Bolqarıstandakı əsas silah istehsalı zavodlarında partlayışlar baş verib.
Bu ilin əvvəlində Ukrayna üçün dronlar və termal görüntüləmə avadanlığı istehsal edən Çexiya zavodunda baş verən yanğın nəticəsində zavod demək olar ki, tam yararsız vəziyyətə düşüb. Rusiya şübhəsi ilə bağlı aparılan istintaq çərçivəsində dörd şübhəli saxlanılıb.
Tahir TAĞIYEV