Azər Həsrət: “Qardaş Özbəkistan prezidenti bu fikirləri təsadüfi səsləndirmir, bu, reallığın dilə gətirilməsidir”
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezidenti İlham Əliyevin şəxsi diplomatiyasının nəticəsi olaraq, Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilmiş tarixi görüşünün nəticələrini qələbə adlandırıb. Özbəkistan Prezidenti bunu Azərbaycan-Özbəkistan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.
“Ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi görüşünü və Birgə Bəyannamənin imzalanmasını şəxsi diplomatiyanızın parlaq qələbəsi kimi qiymətləndiririk”, – deyə Mirziyoyev bildirib.
Özbəkistan Prezidenti həmçinin qeyd edib ki, Prezident Əliyevin həyata keçirdiyi suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, eləcə də Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə xidmət edir.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət hesab edir ki, Vaşinqton görüşündə nəticənin əldə edilməsində Prezident Əliyevin rolu böyük olub: “Əlbəttə, Prezident Əliyevin təşəbbüskarlığı, xüsusən də müharibəni sülhə çevirməsi yönündə atdığı addımlar bütün dünyada diqqətlə izlənilir. Qardaş Özbəkistan prezidenti də bu fikirləri təsadüfi səsləndirmir. Yəni Azərbaycana, onun prezidentinə xoş gəlmək üçün demir. Bu, reallığın dilə gətirilməsidir. Azərbaycan dövləti və onun rəhbəri doğurdan da yeni bir status-kvo yaradıb. Müharibə mərhələsini bitirərək qarşıda böyük bir sülh mərhələsinin açılışına səbəb olub. Deməyim odur ki, biz faktiki olaraq Ermənistan üzərində qələbə çalmamışıq ki. Biz ümumiyyətlə, Azərbaycan dövləti və xalqı olaraq sülh gündəliyini müəyyənləşdirmişik. Bu da dünya üçün çox böyük töhfədir. Özbəkistan prezidenti də məhz bunu nəzərdə Tutaraq Azərbaycanın qələbəsini xüsusi qeyd edir. Ümumiyyətlə, hər zaman demişəm ki, qardaş ölkələr, o cümlədən, Özbəkistan Azərbaycanın bütün uğurlarına sevinir. Azərbaycan xırda, kiçik bir uğur qazananda belə, bizdən də çox onlar sevinirlər. Çünki həqiqi qardaşlıq, doğmalıq məhz bunu özündə ehtiva edir. İndi Şavkat Mirziyoyev məhz bunu nəzərdə tutaraq o fikri səsləndirib. Ümumiyyətlə isə, Cənubi Qafqazda sülh gündəliyinin müəyyənləşdirilməsi birbaşa Azərbaycana bağlı məsələdir. İkinci bir tərəfdən də Cənubi Qafqazda sülhün olması həm də Orta Asiyadakı türk dövlətləri üçün olduqca vacibdir. Hər halda onlar da tarixi bir mərhələdə Cənubi Qafqazla bu və ya digər şəkildə əlaqəsi olmuş dövlətlərdir. Tarixin müxtəlif mərhələlərində, dönəmlərində indi Orta Asiyada dövlət qurmuş xalqlar burdada olublar. Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda da indiki Ermənistan Respublikası ərazisində, eləcədə Gürcüstanda və s. Təbii ki, tarixi bağları unutmurlar və burada olan bütün prosesləri diqqətlə izləyirlər. Azərbaycan Prezidentinin yaratdığı yeni status-kvo Orta Asiyada türk dövlətlərinin, xüsusən də qardaş Özbəkistanın ürəyincədir. Bu səbəbdən onlar hər fürsətsə Azərbaycan dövlətinin, Prezidentinin bu qələbəsini ayrıca vurğulamağa zərurət hiss edirlər”.
Vidadi ORDAHALLI