Əli Orucov: "Bu, Bakı-Daşkənd münasibətlərini daha da dinamik səviyyəyə qaldıracaq"
Azərbaycan və Özbəkistan demək olar ki, üzv olduqları bütün təşkilatlar çərçivəsində, xüsusilə də BMT, İƏT, TDT, AQEM, Qoşulmama Hərəkatı, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət Görüşü və digər beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
Maraqlıdır, Prezident Əliyevin Özbəkistana səfəri və iki ölkə arasında "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanması sözügedən əməkdaşlığın daha da güclənməsinə necə təsir göstərəcək?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov hesab edir ki, əbədi dostluq razılaşması iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək: "Onsuz da Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər sürətlə inkişaf edirdi. Xüsusən də Azərbaycanın Vətən müharibəsində qələbəsi yeni reallıq formalaşdırıb. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqəsi yeni müstəviyə keçib. Sözügedən region Azərbaycanı Rusiyadan yan keçməklə Avropaya bir çıxış qapısı hesab edir. Mərkəzi Asiyada əhalinin sayına görə Özbəkistan birinci yerdədir və son illər bu ölkənin Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələri sürətlə inkişaf edir. Beynəlxalq təşkilatlarda Özbəkistan birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyib. Bütün bu yaxın münasibətlərin nəticəsidir ki, iki ölkə arasında "Əbədi dostluq haqqında Müqavilə" imzalanıb. Sözügedən müqavilənin imzalanması iki qardaş ölkənin münasibətlərində yeni və önəmli mərhələnin başlanğıcıdır. Tərəflər arasında son illərdə formalaşan yüksək siyasi etimad, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq artıq daha böyük geosiyasi müstəviyə keçib. Bütün bunlar onu deməyə əsas verir ki, bu, strateji müttəfiqlikdən də böyük olacaq. Siyasi, iqtisadi-ticari əlaqələrin genişlənməsi və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik Bakı-Daşkənd münasibətlərini daha da dinamik səviyyəyə qaldıracaq. İmzalanan müqavilə münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir. Bütün bunlar həm siyasi münasibətlərin, həm də iqtisadi-ticari əlaqələrin ən üstün səviyyəyə qalxmasına gətirib çıxaracaq ki, bundan da bütün tərəflər faydalanacaq".
Vidadi ORDAHALLI