Azər Allahverənov: “Bu, o deməkdir ki, Orta Dəhliz üzərindən daşınan yüklərin həcmi daha da artacaq”
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, Özbəkistanla əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir:
“Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Azər Allahverənovun fikrincə, Avrasiyada, xüsusilə də Mərkəzi Asiya ilə Cənubi Qafqazı əlaqələndirən çox vacib nəqliyyat-logistika layihələrinin çox uğurlu şəkildə həyata keçirilməsi üçün yeni imkanlar yaradılır: “Bu imkanlar da bilavasitə həm də Orta Dəhlizin geosiyasi əhəmiyyətini daha da artırmış olur. Ən azından o səbəbdən ki, çox önəmli məsələ beynəlxalq yükdaşımalarda logistika zəncirinin düzgün qurulmasıdır. Qütbləri bir birinə bağlayan həmin logistika zənciri nəticə etibarı ilə bir neçə seqmentdən ibarət ola bilər. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi bilavasitə həmi zəncirin halqalarından biri kimi dəyərləndirilə bilər. Nəticə etibarı ilə biz Çindən beynəlxalq yüklərin Qırğızıstan-Özbəkistan-Türkmənistan vasitəsilə, yaxud da Qazaxıstan vasitəsi ilə birbaşa Xəzər sahillərinə daşınmasını görə bilərik. Ümumiyyətlə, Orta Dəhliz üzərindən daşımalar multimodal formatda həyata keçirilir. Söhbət iki və daha çox nəqliyyat növlərinin istifadəsindən gedir. Nəticə etibarı ilə biz görə bilərik ki, Çindən yüklər iki istiqamətdə: Çin-Qazaxıstan və yaxud da Çin-Qırğızıstan-Özbəkistan-Yürkmənistan vasitəsi ilə Xəzər sahillərinə gətirilib çatdırılır. Buradan bərə vasitəsi ilə Ələt limanına və oradan da yüklərin Qərbə doğru hərəkəti təmin edilir. Bu, o deməkdir ki, Orta Dəhliz üzərindən daşınan yüklərin həcmi daha da artacaq. Bunun üçün zəruri infrastrukturun qurulması çox əhəmiyyətli işdir. Nəticə etibarı ilə Zəngəzur dəhlizi Orta Dəhlizin vacib həlqələrindən biri olacaq. Çünki yükaşırma qabiliyyətinin artırılması birtərəfli ola bilməz. Mütləqdir ki, yüklərin keçdiyi bütün coğrafiyada infrastruktur yaxşılaşdırılsın. Çünki bütün bunlar bir biri ilə əlaqəlidir. Yükaşırmanı artırmaq üçün bütün yolboyu müvafiq infrastruktur olmalıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyəti nə qədər artırılsa belə, həmin yol böyük həcmdə yüklərin daşınması üçün uyğun olmaya bilər. Ona görə də Zəngəzur dəhlizi çox böyük əhəmiyyətə malik olacaq. Çünki TRIPP üzərindən 15 milyon ton yükün daşınması nəzərdə tutulub. Nəticədə Orta Dəhlizin tam gücü ilə işləməsinə şərait yaranacaq. Qarşıdakı illərdə Orta Dəhliz üzərindən daşımalar 70 milyon tonadək artırıla bilər”.
Vidadi ORDAHALLI