Ukraynanın müdafiə qüvvələri avqustun 24-dən 25-nə keçən gecə Rusiyanın Krasnodar diyarındakı Afipski neft emalı zavoduna hücum edib, Həştərxan qaz emalı zavodundakı qaz ayırma qurğularına da zərbələr endirib. Hər iki obyekt Rusiya ordusunun təchizatı ilə məşğuldur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumdan sonra Afipski neft emalı zavodunun ərazisində yanğın baş verib.
Afipski neft emalı zavodunun layihə gücü ildə 6,25 milyon ton neft təşkil edir. Zavod Rusiya silahlı qüvvələrinin təchizatı ilə məşğul olur və digər məhsullar arasında dizel və benzin komponentləri istehsal edir.
Baş Qərargah həmçinin avqustun 23-dən 24-nə keçən gecə Həştərxan qaz emalı zavodunda iki U-272 qaz ayırma qurğusuna edilən hücumu da təsdiqləyib.
Qurğu "Qazprom" sisteminin bir hissəsidir. Onun layihə gücü ildə 12 milyard kubmetrə qədər qaz və ildə təxminən 7,3 milyon ton qaz kondensatı təşkil edir. Zavod kommersiya təbii qazı, sabit qaz kondensatı, benzin, dizel yanacağı, mazut, mayeləşdirilmiş karbohidrogen qazları və texniki kükürd istehsal edir.
Məlumatına görə, Həştərxan qaz emalı zavodunun məhsulları Rusiya silahlı qüvvələrinin təchizatı üçün istifadə olunur, texniki kükürd isə partlayıcı maddələrin istehsalında istifadə olunur.
Tahir TAĞIYEV