İrəvan tezliklə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət prosesinə başlayacaq. Bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib. O əlavə edib ki, Aİ-yə üzvlüklə bağlı referendum prosesin əvvəlində deyil, aydın bir yol xəritəsi hazır olanda keçirilməlidir: “Anladığım qədərilə, Aİ-yə rəsmi üzvlük üçün müraciət etdikdən, müvafiq cavab aldıqdan və proses üçün yol xəritəsi əldə etdikdən sonra referendum keçirəcəyik”.
Bu ilin yazından Moskva İrəvanı Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirməyə çağırıb. Bu çağırışa Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri də qoşulub. Rusiya bu çağırışla paralel Ermənistandan bir sıra məhsulların idxalını məhdudlaşdırıb. Paşinyan ölkəsinin Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Ermənistan yaxın beş ildə KTMT-yə qayıtmağı planlaşdırmır və təşkilatdan çıxarılarsa bundan məmnun olacaq: “Əminliklə deyə bilərəm ki, KTMT-də fəaliyyətimizi aktivləşdirmək niyyətində deyilik”. Onun sözlərinə görə, KTMT daxilində bununla bağlı müvafiq müzakirələr aparılır. KTMT-nin nizamnaməsi də üzv ölkənin qurumdan çıxarılması variantını nəzərdə tutur: “Təşkilat Ermənistan Respublikasını üzvlükdən çıxarmaq qərarına gəlsə, çox şad olaram. Heç olmasa, bizi təşkilatdan çıxaq, yoxsa çıxmayaq dilemmasından azad edərlər”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, KTMT-yə üzvlük artıq İrəvana lazım deyilsə, Ermənistan təşkilatdan çıxa bilər: “Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin olunması üçün bu qədər mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, müvafiq qərar qəbul etməkdə və təşkilatı tərk etməkdə sərbəstdir”. Peskov onu da bildirib ki, Ermənistan Aİ-yə üzvlük üçün müraciət etdikdən sonra Avrasiya İqtisadi İttifaqı çərçivəsində ciddi qanunvericilik ziddiyyətləri ilə üzləşəcək. O iddia edib ki, bu, ilk növbədə İrəvana ziyan vuracaq. Belə ki, Ermənistan müxtəlif sahələrdə qanunvericiliyini Avropa standartlarına, Avropa İttifaqının normalarına uyğunlaşdırmalı olacaq. İrəvan Türkiyənin və digər ölkələrin Avropa İttifaqına qoşulmaq niyyətini yada salaraq deyib ki, həmin ölkələrin Aİ-yə üzvlük üçün müraciət etməsindən onilliklər keçib.
Ermənistan lideri Moskva ilə münasibətlərdə münaqişəni alovlandırmaq istəmədiyini israr edir: “Məqsədimiz regionda sülhün bərqərar olmasının yeni şəraitində Rusiya ilə qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığa yönəlmiş, balanslaşdırılmış və tarazlaşdırılmış xarici siyasət çərçivəsində münasibətləri dəyişdirməyə, inkişaf etdirməyə və dərinləşdirməyə yönəlmiş dialoqdur. Bu, asan bir proses deyil, amma biz bu yolu ehtirasları alovlandırmadan davam etdirəcəyik”. Lakin o əlavə edib ki, Rusiyanın Ermənistana tətbiq etdiyi ixrac məhdudiyyətləri Ermənistan müxalifəti tərəfindən təşviq olunur. Paşinyan hesab edir ki, respublika daxilindəki rəqibləri əvvəlcə qadağalarla parlament seçkilərində qalib gəlməyə ümid edirdilər, lakin indi bunun sonda hakimiyyəti ələ keçirəcəkləri üsyana səbəb olacağına inanırlar. Politoloq Sergey Melkonyan bildirib ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdəki status-kvo, çox güman ki, dekabr ayına qədər qüvvədə qalacaq: "Daha sonra Aİİ Ali Şurasının iclası keçiriləcək və bundan sonra əlavə addımlar barədə qərarlar qəbul ediləcək. Lakin bu, Moskvanın eyni zamanda İrəvana yeni məhdudiyyətlər tətbiq etməyəcəyi anlamına gəlmir. Hələlik görürük ki, Aİİ üzvlərinin Ermənistanla bağlı fikir birliyi var, lakin bu, hərəkətlərə aid deyil. Əgər Ermənistan hakimiyyəti Aİ üzvlüyü üçün müraciət edərsə və bu qəbul edilərsə, bu, Ermənistanın Aİİ-dəki üzvlüyü üçün geri dönüş nöqtəsi olacaq. Nəticədə, İrəvanın Aİ-yə qoşulmadan Aİİ-dən çıxması mümkündür. Ən azı, növbəti 10-20 ildə uğurlu Avropa inteqrasiyası ehtimalı təxminən 1% olaraq qiymətləndirilə bilər. Aİ namizədi statusuna gəldikdə isə, bu, ermənilər üçün çox dəyişməyəcək, çünki, məsələn, viza liberallaşdırılması prosesi 2017-ci ildən bəri paralel olaraq davam edir və Aİ üzvlüyü ilə əlaqəsi yoxdur".
Samirə SƏFƏROVA