Firdovsi Şahbazov: “Proseslərin rəqəmsallaşması və şəffaflaşması vətəndaşların xeyrinədir”
2026-cı ildə qəbul edilən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi bir sıra üstünlüklər vəd edir. Məsələn, proseslərin rəqəmsallaşması və şəffaflaşması vətəndaş-dövlət münasibətlərini yeni səviyyəyə qaldırır. Elektron imza, onlayn vergi və cərimə ödənişləri, müxtəlif qeydiyyat xidmətlərinin internet üzərindən həyata keçirilməsi həm vaxta qənaət edir, həm də xidmətlərin əlçatanlığını artırır.
Dövlət məmurları ilə birbaşa təmasın azalması isə sui-istifadə risklərini minimuma endirir və ictimai etimadı gücləndirir. Rəqəmsal transformasiya mərkəz və regionlar arasındakı fərqi də azalda bilər.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Fəaliyyət Planından irəli gələn məsələlərin həlli mühüm əhəmiyyət kəsb edir: “Bu, ilk növbədə vətəndaşların məmnunluğuna xidmət edir. Vətəndaşlarla məmurlar arasında birbaşa təmasları əhəmiyyətli dərəcədə azaldır. Nəticədə həm süründürməçilik halları xeyli dərəcədə azalır, həm də rüşvət və digər bu kimi neqativ halların qarşısı alınacaq. Məsələn, əvvəl Bakıda yaşayan, amma rayon qeydiyyatında olanların pensiya kartının müddəti bitirdisə, onlar kartı yeniləmək üçün rayona gedirdirlər. Neçə illərdir artıq buna ehtiyac yoxdur. Bankın istənilən filialına yaxınlaşmaqla yeni kartı almaq olur. Fəaliyyət Planında nəzərdə tutulan məsələlər həyata keçəndən sonra buna da ehtiyac olmayacaq. Kartlar müvafiq qurumlar tərəfindən vətəndaşlara çatdırılacaq. O cümlədən, əmək sığortası, tibbi sığorta və digər məsələlər elektron qaydada həll olunacsaq. Vətəndaş pensiyaya çıxanda sənəd toplamaqla məşğul olmayacaq. Bütün bunlar elektron qaydada öz həllini tapacaq. Bir sözlə, haradan baxsaq görürük ki, proseslərin rəqəmsallaşması və şəffaflaşması vətəndaşların xeyrinədir. Onların işini asanlaşdırır”.
Vidadi ORDAHALLI