Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vatikana səfəri çərçivəsində iyulun 9-da Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi ilə görüşüb.
Bu barədə baki-xeber.com-a Dövlət Komitəsindən məlumat verilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəm təməlini qarşılıqlı hörmət, ümumbəşəri dəyərlərə sadiqlik təşkil edir. İkitərəfli əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək əməkdaşlığının zənginləşməsinə şərait yaradıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda dünya mədəni irsinin qorunması və sivilizasiyalararası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi layihələr dostluq və etimadın möhkəmlənməsinə mühüm töhfə verib.
Ramin Məmmədov bildirib ki, Azərbaycanda konfessiyalararası həmrəyliyin və multikultural dəyərlərin yaşadılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə Vatikan arasındakı yüksəksəviyyəli tərəfdaşlıq humanitar əməkdaşlığın möhkəmlənməsinə, dinlərarası dialoqun təşviqinə və yeni birgə təşəbbüslərin reallaşdırılmasına əlverişli zəmin yaradır. Bu baxımdan birbaşa təmasların davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmizin zəngin tarixi-mədəni irsi və tolerantlıq mühiti barədə müsbət təəssüratlarını bölüşüb. O, Azərbaycan-Vatikan münasibətlərinin qarşılıqlı etimada əsaslandığını, humanitar, elmi və mədəni sahələrdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə Azərbaycan-Vatikan diplomatik əlaqələrinin 35 illiyi ilə bağlı tədbirlər və birgə layihələr müzakirə olunub.