Vüqar Bayramov: “Bu, artıq sahibkarlığın inkişafı üçün yeni bir mərhələnin başlanması deməkdir”
Azərbaycanın rəqəmsal transformasiya strategiyasında yeni mərhələnin əsasını qoyacaq qərarlar verilib. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf üzrə İdarələrarası Koordinasiya Şurasının ilk iclasında dövlət xidmətlərinin vahid rəqəmsal ekosistemdə birləşdirilməsi, vətəndaş və biznes üçün xidmətlərə çıxışın sadələşdirilməsi, eləcə də rəqəmsal idarəetmənin səmərəliliyinin artırılması əsas prioritetlər kimi müəyyənləşdirilib.
Rəqəmsallaşma istiqamətində mühüm hədəflərdən biri də dövlətlə biznes arasında vahid pəncərə rolunu oynayacaq "mygov Biznes" platformasını həyata keçirməkdir. Bu, artıq test mühitində uğurla yoxlanılıb və bir sıra dövlət qurumlarının xidmətlərinin platformaya inteqrasiyasına başlanılıb. Bu platforma sahibkarlar üçün bütün dövlət xidmətlərinin vahid məkandan təqdim edilməsini təmin edəcək.
Ümumilikdə, bu sistemin tətbiqi ölkədə sahibkarlığın inkişafına, fəaliyyətinə hansı töhfələri verəcək?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanda rəqəmsal inkişaf iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevrilib: “Birinci vitse-prezident hörmətli Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf üzrə İdarələrarası Koordinasiya Şurasının ilk iclasında qeyd edilən strateji məqamlardan biri də məhz xidmətlərin elektronlaşması və inteqrasiyası ilə bağlı idi. Bu baxımdan "mygov Biznes" platformasının həyata keçirilməsi birmənalı şəkildə biznesin, xüsusən də startapların daha yaxından dəstəklənməsinə imkan verəcək. Məhz Mehriban xanım tərəfindən startapların, eləcə də biznesə dəstəyin artırılmasının əsas hədəflərdən biri olduğu qeyd edilib. O üzdən, Fəaliyyət Planında nəzərdə tutulan məqamlar bütövlükdə sahibkarlığın inkişafı üçün ciddi bir mərhələ olacaq. Çünki bu, xidmətlərin elektronlaşmasına, xidmətlərə əlçatanlığına imkan yaradacaq. Nəticədə qısa zamanda xidmətlərin əldə edilməsi mümkün olacaq. O baxımdan, süni intellekt daxil olmaqla rəqəmsal həllərdən istifadə edilməsi, eyni zamanda xidmətlərin elektronlaşdırılaraq təqdim olunması Azərbaycanda sahibkarlığın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın və hesabatlılığın daha da yüksəlməsinə imkan yaradacaq. Bu, artıq sahibkarlığın inkişafı üçün yeni bir mərhələnin başlanması deməkdir”.
Vidadi ORDAHALLI