Ramil Məmmədli: “Türkiyəyə F-35-lərin verilməsi ilə bağlı Konqresin razılığı olmalıdır”
NATO-dan çox məyus oldum. Açığı, əgər bu tədbir Türkiyədə keçirilməsəydi, iştirak etməzdim. Bunu ABŞ Prezidenti Donald Tramp Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
“Türkiyə prezidentin rəhbərliyi altında hərbi cəhətdən çox güclü bir ölkəyə çevrilib. Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var və Türkiyə bir çox cəhətdən sadiq olacağını düşündüyümüz digər ölkələrdən daha sadiq olub. Və əlbəttə ki, F-35-lərin verilməsini nəzərdən keçirəcəyik. Türkiyəyə F-35-lərin verilməsi ilə bağlı heç bir çəkinəcəyim yoxdur”, - o bildirib.
Maraqlıdır, Türkiyə Rusiyadan aldığı S-400 raketlərdən imtina etməsə, ABŞ F-35-ləri verəcəkmi? Bunun hansısa digər həll yolu ümumiyyətlə varmı?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bildirdi ki, Trampın açıqlamasına rəğmən F-35 məsələsinin həlli o qədər də asan olmayacaq: “Çünki bu, tək prezident Trampın iradəsindən asılı olan məsələ deyil. ABŞ Konqresində hələ də ciddi maneələr və fikir ayrılıqları mövcuddur. Məsələ ondadır ki, 2019-cu ildə Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini alması səbəbindən ABŞ Müdafiə Nazirliyi rəsmi olaraq Ankaraya "F-35" qırıcılarının tədarükünü dayandırıb. 2019-cu ildə, Trampın ilk prezidentlik müddətində ABŞ Türkiyəni "F-35" proqramından xaric edib. Buna cavab olaraq ABŞ Konqresi daha sərt addım ataraq qanunvericiliklə sözügedən təyyarələrin satışına qadağa qoyub. 2020-ci ildə ABŞ Konqresi məhdudiyyətləri qanunvericiliklə təsbit edib. Türkiyə "S-400" sistemlərinə malik olduğu müddətcə ölkəyə "F-35" satışı qadağandır. Hazırda ABŞ Konqresində həm demokratlar, həm də respublikaçılar arasında Türkiyəyə "F-35" qırıcılarının mümkün satışı ilə bağlı narahatlıq var. Bu baxımdan hesab edirəm ki, sözügedən məhdudiyyətin ləğvi asan olmayacaq. Üstəlik, ABŞ şərt qoyur ki, Türkiyə "S-400" sistemlərindən imtina etməlidir. Düşünmürəm Ankara yaxın persektivdə buna getsin. Ona görə ki, bu, Rusiya-Türkiyə münasibətlərinin soyuqlaşmasına, həyata keçirilən bəzi layihələrə mənfi təsir edə bilər. Söhbət “Rosatom”un Türkiyədə tikdiyi “Akkuyu” Atom Elektrik Stansiyasından gedir”.
Vidadi ORDAHALLI