Afsəddin Nəbiyev: “Proses Rusiyanın uzunmüddətli perspektivdə "strateji iflic" vəziyyətinə salınmasına yönəlib”
Bir sıra bədbin proqnozlara rəğmən, NATO-nun Ankara zirvəsi bir sıra məqamlarla yadda qaldı. ABŞ prezidenti Donald Tramp iclasda konstruktiv mövqe tutub. Qəbul olunan yekun sənəd ittifaqın ABŞ və Avropa qanadları arasında konsensusu ortaya qoyur.
Sənəddə Rusiyanın uzunmüddətli təhdid kimi qiymətləndirilməsi və kollektiv müdafiəyə dair 5-ci maddəyə bağlılıq ifadə olunub. Bu il Ukraynaya 70 milyard avro, 2027-ci ildə isə azı bu qədər hərbi yardımın verilməsi də razılaşdırılıb. Ukrayna məsələsində Tramp administrasiyası ilə Avropa İttifaqı tərəfindən ilk dəfə son G7 zirvəsində ifadə olunan ortaq mövqe və siyasət Ankarada bir daha təsdiqlənib. ABŞ Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verməyə razılaşıb. Hansı ki, Ukrayna Bayden dövründən bəri bu icazəni almağa çalışırdı. Tramp eyni zamanda müharibədən sonra Ukraynaya təhlükəsizlik təminatı kimi ölkə səmasının qorunmasını üzərlərinə götürə biləcəklərini vurğulayıb. Marko Rubio isə Rusiyanın dərinliklərinə zərbələr endirməkdə Ukraynaya kömək edəcəklərini bildirib.
O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Qərbin strategiyası artıq sadəcə “Ukraynanın müdafiə olunması” mərhələsini geridə qoyub: “Əsas istiqamət budur. Tramp administrasiyasının əvvəlcə proqnozlaşdırılan "izolyasiya" özünəqapanma siyasətinin əksinə, ABŞ-ın Avropa təhlükəsizliyində daha aqressiv və idarəedici rol alması tendensiyası güclənir. Bu, ABŞ-ın qlobal güc balansını qorumaq üçün müttəfiqlərini daha fəal şəkildə səfərbər etdiyini göstərir. Proses Rusiyanın uzunmüddətli perspektivdə "strateji iflic" vəziyyətinə salınmasına yönəlib. Bu, proses cəbhədəki hərbi uğursuzluqla bağlı deyil. Paralel olaraq sanksiyaların dərinləşməsi və texnoloji blokada vasitəsilə Rusiyanın gələcəkdə böyük hərbi kampaniyalar apara bilməyəcək səviyyəyə endirilməsidir. Ukrayna artıq rəsmi üzvlük reallaşmasa belə, de-fakto NATO ordusu kimi silahlara, kəşfiyyata və hərbi struktura malik bir gücə çevrilir. Ankara sammitinin bu prosesə hüquqi-hərbi təməl qoyması, regionda yeni bir təhlükəsizlik paktının və ya zəmanət mexanizminin formalaşdığını göstərir”.
A. Nəbiyev hesab edir ki, Moskva üçün geri sayımın sürətlənməsi fonunda Rusiyanın çıxılmaz vəziyyətə düşməsi regional və qlobal miqyasda ciddi risklər yaradır: “Bu risklərə Cənubi Qafqaz fonunda da baxsaq müəyyən risk faktorlarımı nəzərdən keçirməliyik. Rusiya ənənəvi hərbi, iqtisadi və texnoloji baxımdan məğlub olduğunu tam dərk etdiyi an, asimmetrik vasitələrə nüvə ritorikasının reallaşdırılmasına və ya taktiki nüvə silahından istifadə təhdidinə əl ata bilər. Rusiyanın cavab hərəkətləri təxribat xarakterli fəaliyyətlər, kritik infrastruktura kabel xətləri, enerji şəbəkələri kiber hücumlar və Avropa daxilində daxili siyasi sabitliyi pozmaq cəhdləri formasında özünü büruzə verə bilər. Ankara proseslərin hüquqi təməlinin qoyulmasında mühüm rol oynasa da, Rusiyanın aqressivləşməsi Türkiyənin həm Qara dənizdə, həm də Suriya və Cənubi Qafqaz kimi regionlarda Rusiya ilə olan kövrək balansını ciddi sınaq qarşısında qoya bilər. Rusiya Avropanın təhlükəsizlik tənliyindən tamamilə təcrid olunacaq. Şərqi Avropanın təhlükəsizlik xətti birbaşa Ukrayna sərhədlərinə və Qara dəniz hövzəsinə sürüşəcək. Qərb qarşısında hərbi və iqtisadi iflasa uğrayan Rusiya, qlobal müstəvidə Çinin tam və şərtsiz "kiçik tərəfdaşına" vassalına çevriləcək ki, bu da Avrasiyada güc balansını yenidən formalaşdıracaq.
Rusiyanın zəifləməsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə xarici siyasətdə daha müstəqil hərəkət etmək və Qərblə yaxud digər regional güclərlə inteqrasiyanı sürətləndirmək üçün tarixi şans yaradacaq. Qərbin artıq "kompromis" axtarmadığını, Rusiyanın mövcud hərbi-siyasi sisteminin zəiflədilməsini son hədəf seçdiyini göstərir. Bu gedişat böyük bir geosiyasi qələbə və ya eyni dərəcədə böyük bir qlobal böhran riski daşıyır. Proseslərin praktiki nəticəsi isə Ankara sammitində əldə olunan hüquqi-hərbi razılaşmaların sahədə, cəbhədə və iqtisadiyyatda nə dərəcədə qətiyyətlə tətbiq olunacağından asılı olacaq”.
Vidadi ORDAHALLI